Modern.az

“Danışır təcrübə” layihəsinin qonağı Çingiz Əsgərov olub

“Danışır təcrübə” layihəsinin qonağı Çingiz Əsgərov olub

Aktual

4 Noyabr 2025, 12:29

Elm və Təhsil Nazirliyinin “Danışır təcrübə” layihəsi çərçivəsində növbəti görüş baş tutub.

Modern.az xəbər verir ki, layihənin budəfəki qonağı tanınmış hüquqşünas, Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi Çingiz Əsgərov olub.
 

Görüşdə Elm və Təhsil Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, eləcə də hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iştirak ediblər.
 

Çingiz Əsgərov “Konstitusiya və hüququn aliliyi” mövzusunda çıxış edərək iştirakçılara Azərbaycanın məhkəmə sistemi, hüquq islahatlarının mahiyyəti və hüququn insan həyatındakı rolu barədə ətraflı məlumat verib.
 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən görüşdə hüququn insan həyatındakı həlledici rolu, Konstitusiya dəyərlərinin gündəlik qərarlara, vətəndaş münasibətlərinə və idarəetmə proseslərinə təsiri barədə geniş fikir mübadiləsi aparılıb.
 

Çingiz Əsgərov çıxışında vurğulayıb ki, hüququn aliliyi yalnız məhkəmə sisteminin deyil, həm də bütün dövlət qurumlarının fəaliyyətinin əsas prinsipi olmalıdır. Çingiz Əsgərov əlavə edib ki, Konstitusiyada əksini tapan hüquq normalarının real həyata tətbiqi hüququn aliliyinin ən mühüm göstəricisidir. Hər bir dövlət orqanı qəbul etdiyi qərarlarda vətəndaş maraqlarını və Konstitusiya normalarını əsas götürməlidir. Bu, həm idarəetmənin keyfiyyətinə, həm də cəmiyyətin dövlətə olan inamına birbaşa təsir göstərir.
 

Qeyd edək ki, “Danışır təcrübə” layihəsi Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. 
 

Layihə çərçivəsində keçirilən görüşlər əməkdaşların davamlı inkişafının təmin edilməsinə, liderlik və idarəetmə bacarıqlarının artırılmasına, eləcə də müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılmasına xidmət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində