Modern.az

Elm, Təhsil və Texnoloji İnkişaf - Prezident İlham Əliyevin Strateji Baxışı

Elm, Təhsil və Texnoloji İnkişaf - Prezident İlham Əliyevin Strateji Baxışı

Aktual

4 Noyabr 2025, 15:46

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı təkcə elm adamlarının bir araya gəldiyi mərasim deyil, eyni zamanda, ölkəmizdə elmin, təhsilin və intellektual potensialın gələcək inkişaf istiqamətlərinin müəyyən olunduğu strateji platformaya çevrildi. Prezident cənab İlham Əliyevin bu tədbirdəki çıxışı Azərbaycan dövlətinin elmi və texnoloji siyasətinin əsas hədəflərini, milli kimliyin qorunmasında dilin və mədəni dəyərlərin rolunu, eləcə də süni intellekt çağında Azərbaycan alimlərinin qarşısında duran vəzifələri aydın şəkildə ortaya qoydu.

Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan elminin inkişafı ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi olub və bu xətt bu gün də ardıcıl şəkildə davam etdirilir. Akademiyanın infrastrukturunun yenilənməsi, Elmin İnkişafı Fondu, “Elm haqqında” Qanun, dövlət proqramları və milli strategiyaların qəbul edilməsi bu siyasətin praktiki təzahürləridir. Dövlət başçısı qeyd etdi ki, müstəqillik illərində ölkəmizin iqtisadi gücü artdıqca elmə ayrılan maliyyə vəsaitləri də iki dəfədən çox artıb. Bu, elmin sadəcə nəzəri sahə deyil, milli inkişafın mühüm amili kimi qəbul olunduğunun göstəricisidir. Cənab Prezidentin fikrincə, bu gün ölkənin gələcəyi artıq təbii resurslardan deyil, məhz intellektual kapitaldan, yəni elmi potensialdan asılıdır. O, açıq şəkildə bəyan etdi ki, “tükənməz sərvət intellektual potensialdır-amma o halda ki, ona sərmayə qoyulsun. Bu, dövlətin gələcək strategiyasının əsas fəlsəfəsini ifadə edir: elm və təhsil sahələrinə qoyulan investisiya Azərbaycanın davamlı inkişafının təminatıdır.”

Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyev çıxışında XXI əsrin əsas çağırışlarından biri olan süni intellektin inkişafına xüsusi yer ayırdı. O bildirdi ki, artıq dünyanın gələcək inkişafı bu sahə ilə birbaşa bağlıdır və Azərbaycan burada geri qalmamalıdır. Dövlət başçısı alimləri və elmi institutları bu prosesdə fəal iştiraka dəvət etdi, süni intellektin iqtisadiyyatda, texnologiyada və idarəetmədə tətbiqinin vacibliyini vurğuladı.

Bu yanaşma göstərir ki, ölkə rəhbərliyi elm və texnologiyanı vahid strateji xətt kimi görür. Süni intellekt və rəqəmsallaşma artıq Azərbaycanın iqtisadi və təhlükəsizlik sistemlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Prezident bu istiqamətdə yaradılan Kibertəhlükəsizlik Mərkəzinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətini də xatırladaraq, bu sahədə elmi potensialın səfərbər edilməsinin vacibliyini önə çəkdi.

Prezident cənab İlham Əliyevin çıxışında mühüm məqamlardan biri də elmin iqtisadiyyatla sıx əlaqələndirilməsi məsələsi idi. O bildirdi ki, elm yalnız nəzəri tədqiqatlarla məhdudlaşmamalı, onun nəticələri sənayedə və istehsalda tətbiq edilməlidir. Dövlət qurumlarının alimlərlə birgə işləməsi barədə göstəriş verməsi də bu istiqamətdə dönüş nöqtəsi hesab oluna bilər.

Bu, Azərbaycanın innovativ iqtisadiyyata keçid strategiyasının davamı kimi dəyərləndirilə bilər. Artıq dövlət elmi bilikləri real istehsal prosesinə inteqrasiya etməklə yeni, bilik əsaslı iqtisadi model formalaşdırmaq niyyətindədir.

Prezident cənab İlham Əliyevin çıxışında xüsusi yer tutan digər bir mövzu Azərbaycan dilinin saflığının qorunması idi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan dili 50 milyondan çox insan üçün ana dilidir və onun qorunması təkcə dilçilərin deyil, bütün ictimaiyyətin borcudur.

O, dilə yad sözlərin gətirilməsini “ya səhv, ya da təxribat” kimi dəyərləndirərək, dilin saflığının milli kimliyin əsas amili olduğunu bildirdi. Bununla yanaşı, milli kimliyin qorunması təkcə dil amili ilə məhdudlaşmır. Cənab Prezidentin strateji yanaşmasına görə, bu, çoxşaxəli bir prosesdir- tariximizin yenidən elmi əsaslarla araşdırılması, mədəni irsimizin və elmi irəliləyişlərimizin təbliği, Qarabağ və Şərqi Zəngəzur kimi ərazilərimizin geoloji, arxeoloji və tarixi tədqiqatlarla dərindən öyrənilməsi də milli kimliyimizin möhkəmlənməsinə xidmət edir.

Beləliklə, milli kimliyin elmi əsaslarla qorunması və inkişafı, dil, tarix və elm arasında qarşılıqlı əlaqənin yaradılması Azərbaycanın gələcək elmi və ideoloji inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səslənən çıxış dövlətin elmə, texnologiyaya və milli kimliyə yanaşmasının konseptual çərçivəsini müəyyənləşdirdi.

Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, Azərbaycanın gələcək inkişafı üç əsas dayağa söykənəcək:
Elm və təhsil, texnoloji modernləşmə və süni intellekt, milli-mənəvi dəyərlərin, o cümlədən dil və tarixi irsin qorunması.

Bu istiqamətlər üzrə həyata keçirilən siyasət, şübhəsiz ki, ölkəmizi yaxın illərdə regionun elmi və texnoloji mərkəzinə çevirəcək.

Elm yalnız laboratoriyada deyil, həm də dövlətin strateji qərarlarında, milli təhlükəsizlikdə, iqtisadi modellərdə və milli kimliyin qorunmasında əsas rol oynayacaq. Prezident İlham Əliyevin çıxışı bu baxımdan həm tarixi təhlil, həm də gələcəyə yol xəritəsi kimi dəyərləndirilə bilər.

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!