Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir.
Ölkə başçısının yığıncaqdakı nitqini elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj olmaqla yanaşı həmdə bir “yol xəritəsi” adlandırmaq olar. Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir. Dövlətimizin başçısı akademiyanın 80 il ərzində böyük yol keçdiyini bildirərək qeyd etdi ki, “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər. Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır.
Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.”
Prezident İlham Əliyevin yubileyindəki çıxışında həmdə dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandir. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır. dövlətimizin başçısının texnoloji inkişafı ölkəmiz üçün prioritet hesab etməsinə münasibət bildirərkən deyib ki, bu gün hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu inkişafı şərtləndirən mühüm amillərdən biri də yeni texnologiyaların tətbiqidir. Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır. Məhz bu baxımdan Elmin inkişafı üzrə Milli Strategiyanın, “Elm haqqında” Qanunun və Dövlət Proqramının qəbul edilməsi yüksək qiymətə layiqdir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir.
Ölkə Prezidenti eyni zamanda diqqətə çatdırdı ki, Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Azərbaycanlılar Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Prezident, Ali Baş Komandan İlham Əliyev bir neçə gündən sonra şanlı Zəfərimizin beş illiyini qeyd edəcəyimizi də xatırladaraq dedi ki, bu münasibətlə Azadlıq meydanında Hərbi parad təşkil ediləcək: “Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”.
Əhliman Əmiraslanov
Milli Məcisin Səhiyyə komitəsinin sədri,
akademik