Modern.az

Vəkillər Kollegiyasında iki təyinat - Vəkil bürosunda nöqsanlar aşkarlandı

Vəkillər Kollegiyasında iki təyinat - Vəkil bürosunda nöqsanlar aşkarlandı

Aktual

5 Noyabr 2025, 16:18

Noyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda ıçıxış edən Kollegiyanın sədri Anar Bağırov cari fəaliyyət, görülən işlər, habelə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbul məsələsinə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası prinsiplərinə və peşə borcuna sadiq qalacağına dair and içərək Kollegiyanın sıralarına qəbul olunub. Ona vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin iclasda Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkilin yeni kabinetdə fəaliyyətə başlaması, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, o cümlədən təhsillə əlaqədar üzvlük haqlarından azad olunma ilə bağlı müraciətlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, “Qanunçuluq” Vəkil Bürosunda aparılan monitorinqin nəticələri elan olunub. Bildirilib ki, yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda gələcəkdə monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi qərara alınıb.

Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkiblərinə üzvlərin təyin olunmasına dair məktub müzakirə olunub. Rəyasət heyətinin qərarına əsasən, Kollegiya tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına VK Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva, Xüsusi İcra Məmurlarının İntizam Komissiyasına isə Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev təyin edilib.

Sonda Kollegiyanın fəaliyyətinə dair digər cari və əhəmiyyətli məsələlərə də baxılıb, müvafiq tapşırıqlar və qərarlar qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu