Modern.az

Taksi sürücüləri üçün imtahana qeydiyyat BAŞLADI

Taksi sürücüləri üçün imtahana qeydiyyat BAŞLADI

Aktual

5 Noyabr 2025, 16:26

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər 5 noyabr saat 16:00-dan 21 noyabr saat 12:00-dək qeydiyyatdan keçməlidirlər.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

İmtahan vermək üçün sürücülər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar DİM-in saytında yerləşdirilib.

Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından çap edə biləcəklər.

İmtahan bir saat davam edəcək. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ŞOK HÜCUM - Rusiya raketlərlə vuruldu