Türkiyənin paytaxtı Ankara şəhərində 8 Noyabr Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Ankaradakı Qazi Ordu Evində keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin ehtiramla yad edilməsi və hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyə Böyük Millət Məclisinin üzvlərinin, qardaş ölkənin hökumət və dövlət nümayəndələrinin, silahlı qüvvələrinin qoşun növü komandanlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin, Ankaradakı diplomatik korpus nümayəndələrinin, tanınmış siyasətçilərin, ictimai xadimlərin, Azərbaycan diasporunun fəallarının, media təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən Savaşında qazandığı parlaq Qələbənin real nəticələrindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, dövlətlərimizin regionda sülh, sabitlik və inkişaf mühiti yaratmaq istiqamətində göstərdikləri səylərdən söhbət açılıb.
Tədbirdə Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən filmin nümayişi maraqla qarşılanıb.
Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə baş tutan tort kəsilmə mərasimi də tədbir iştirakçılarında xoş duyğular yaradıb.
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar tədbir bədii proqramla yekunlaşıb.
Hikmət Xudiyev,
Ankara