Modern.az

Azərbaycan da “ABŞ+Mərkəzi Asiya” formatına qoşula bilər

Azərbaycan da “ABŞ+Mərkəzi Asiya” formatına qoşula bilər

Aktual

7 Noyabr 2025, 14:42

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirdiyi “C5+1” formatlı görüş regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasının göstəricisi sayılır.

2015-ci ildə əsasları qoyulmuş bu platforma həm də strateji tərəfdaşlıqların dinamikasını müəyyənləşdirir. Qazaxıstanın İbrahim sazişinə qoşulması ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq xətti daha da güclənir. Bu addım regional sabitlik, ticarət marşrutları və enerji diplomatiyası baxımından yeni imkanlar yaradır.

Azərbaycanın da daxil olduğu region üçün bu proses həm siyasi çəkisini artırmaq, həm də qlobal güclərlə balanslı münasibət qurmaq baxımından strateji əhəmiyyət daşıyır.

İqtisadçı Natiq Cəfərli Azərbaycanın C5+1 layihəsinə və İbrahim müqaviləsinə qoşulmasının zəruriliyi, qoşulacağı halda ölkəmizin geosiyasi nüfuzunun digər region ölkələrinə təsiri barədə Modern.az-a açıqlama verib.

O deyib ki, Azərbaycan istər-istəməz C5+1 anlaşmasına üzv qəbul olunacaq. Çünki Orta Asiya respublikalarının dünya bazarına çıxışı Azərbaycan üzərindən olacaq:

“Bağlanmış müqavilələrin əksəriyyəti özündə logistikanı əhatə edir. Logistik tərəfdaşlıq olmadan iqtisadi münasibətlərin qurulması mümkün deyil. Ona görə də Azərbaycan ərazisi orta koridorun – Şərq-qərb dəhlizinin ixtisarolunmaz, mühüm tərkib hissəsidir. Coğrafi yerləşmə gedişi diktə edir. Gürcüstan, Qara dəniz, Türkiyə - hər bir istiqamət üçün Azərbacandan keçid zərurəti yaranır. Tramp adına açılacaq Zəngəzur dəhlizi də Azərbaycanın əlverişli coğrafi mövqeyinin hesabına aktuallıq qazanacaq”. 

O qeyd edib ki, İbrahim müqaviləsinin məntiqi müsəlman ölkələri ilə İsrail arasında sülhə əsaslanan bir platforma formalaşdırılmasındadır:

“Orta Asiya respublikalarının, xüsusilə, Qazaxıstanın və eyni zamanda Azərbaycanın İsraillə çox yaxşı münasibətləri var. Trampın İsrailə dost olan ölkələrin İbrahim müqaviləsinə qoşulmasında istəyi də budur - xüsuilə, Azərbaycanın İsraillə konflikt yaşayan ölkələr arasında körpü rolunu oynamasının mümkünlüyü. Azərbaycanın İbrahim anlaşmasına qoşulacağı halda İsrail – ərəb ölkələri arasındakı konfliktin aradan qalxması ehtimalı çox yüksəkdir”.  

Natiq Cəfərli vurğulayıb ki, C5+1 danışığının hələ ki, geosiyasi yükü daha çoxdur. İndi münasibətlərin formalaşması prosesi gedir. Amma yaxın 5-10 il ərzində, əməkdaşlıqda intensiv faza yaranandan sonra, təbii ki, iqtisadi yük daha ağır gələcək.

Rusiyanın vəziyyətinə toxunan iqtisadçı deyib ki, ABŞ-nin regiona nüfuzu obyektiv prosesdir və Rusiyanın qitədə nüfuzunun bu səbəblə zəifləməsi Federasiyanın öz ucbatındandır. Rusiyanın Ukraynaya qarşı müharibə başlatması orta Asiya ölkələrində haqlı olaraq yeni təhlükəsizlik və iqtisadi modellərin axtarılması mövqeyini formalaşdırdı. 

N.Cəfərli qeyd edib ki, Azərbaycan bu mənada da tarixi addım atdı. Rusiyanın cənubi Qafqazda yaratdığı Qarabağ probleminin köklü həllinə nail oldu:

“Azərbaycanın qətiyyətli addımı həm də Ermənistanın müstəqil siyasətinə zəmin yaratdı. Nəticə etibarı ilə orta Asiyada olduğu kimi cənubi Qafqazda da Rusiyanın mövqeyi kəskin zəiflədi.  Rusiya tərəfindən mənfi reaksiya ehtimalı olsa da bu, obyektiv prosesin qarşısını ala bilməyəcək”. 

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var