Noyabrın 6-da “Konstitusiya və Suverenlik ili” çərçivəsində qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “8 Noyabr - Qürurumuzun, varlığımızın, birliyimizin təntənəsi” adlı ümumrayon tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.
Qələbəmizin 5 illiyinə həsr olunmuş sənədli film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə hər bir kəsi təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulurdu. Bu sözlərlərlə bizi çoxdan gözlədiyimiz zəfərə doğru aparan yolun yeni mərhələsinin əsası qoyulmuş oldu. Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıblar. Bu möhtəşəm qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını şanlı qələbəmizin 5 illiyi, 9 Noyabr – Dövlət Bayrağı Günü və Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə təbrik edib.
Azay Quliyev isə çıxışında qeyd edib ki, zəfərib beşinci ildönümü bizi bir daha birliyin, qətiyyətin və dövlətçilik ruhunun gücünə inandırır: “Qazanılan qələbə yalnız silahın deyil, milli iradənin, ölkə rəhbərinin müdrik siyasətinin və xalqın dəmir birliyinin nəticəsidir. Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, səslənən hər azan o möhtəşəm günlərin davamıdır. Biz fəxr edirik ki, bu zəfər xalqımıza məxsusdur və bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaqdır. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk”.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında bildirib ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu elə bir tarix yazıb ki, bu tarix bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrilib. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut edib. Azərbaycan tarixi torpaqlarına -Qarabağa qovuşdu, tarixi zəfərə imza atıb. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Şəhid valideynləri adından çıxış edən Vətən müharibəsi şəhidi Sadıqlı İbrahimin valideyni Şahin Sadıqov çıxışında vurğulayıb ki, düz beş ildir ki, o günün, o anın, o hadisənin möhtəşəmliyini, əzəmətini, sevincini, qürurunu doya-doya, içimizə, ruhumuza çəkə-çəkə yaşayırıq: “Vətən sevdalısı oğullarımızın – minlərlə şəhidimizin, minlərlə qəhrəman qazimizin, minlərlə igid əsgərimizin sayəsində azad oldu Ana Vətən! Dişləri, dırnaqları ilə torpaqlarımızı murdar erməni caynağından qoparan, azad edən oğullarımız bununla da dünya hərb tarixində yeniliyə imza atdılar”. Şahin Sadıqov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd edib ki, 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunub və olunmaqdadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapıb. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərib. Xalqımızın apardığı haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. 8 Noyabr tarixi daim tarixdə qızıl hərflərlə və əbədi qalacaq. Hər kəs bu möhtəşəm tarixlə qürurlanacaqdır. Tədbirin bədii hissəsində “Amarok” ritm qrupunun, Azərbaycanın xalq artisti Nəzakət Teymurovanın, Azərbaycanın əməkdar artisti Nurlan Növrəslinin, xalqımızın sevimli müğənniləri - Elnur Məmmədovun, Çinarə Məlikzadənin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səslənib. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında möhtəşəm “Zəngəzur yallısı” nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılar böyük atəşfəşanlığı seyr ediblər.







