Samux şəhərindəki Heydər Parkında “8 Noyabr–Zəfər Günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abdəsi önünə gül dəstəsi düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Samux Şəhidləri Kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzülüb və Şəhidlərimizin ruhuna dualar oxunub.
Samux şəhərindəki Şəhidlər Kompleksinin qarşısında məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, Müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.
Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədov və digər çıxış edən natiqlər də qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin və mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar.
Daha sonra bayram konserti təşkil edilib. Bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.