Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Modern.az xəbər verir ki, bəyanatda deyilir:
"8 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər Gününün beşinci ildönümü qeyd olunur. Azərbaycanlıların qəlblərinə həkk olunan bu möhtəşəm tarix, 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbəni bayram etməklə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzidir.
Beş il öncə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi – Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində şanlı qələbə ilə özünün kulminasiya nöqtəsinə çatan Vətən müharibəsi xalqımızın tarixində həlledici məqam oldu. Bu zəfər, cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə olundu.
Son beş il ərzində ölkəmiz misli görülməmiş transformasiya və yenidən canlanma dövrünü yaşayır.
“Böyük Qayıdış” proqramı vasitəsilə Azərbaycan özünün sarsılmaz iradəsi və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi nəhəng vəzifənin icrasına yönəldir.
Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanmaqla yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi Zəfərimizin ali məqsədi və mahiyyətinin ən parlaq bəyanıdır. Bu kimi genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra, hal-hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq edir.
Azərbaycan regional sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynayır.
8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.
Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu kimi mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalı və yeni regional reallıqlara hörmətlə yanaşmalıdır.
8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaqdır.
Bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk.
Zəfər Günümüz mübarək!"