Bu gün Qarabağ zəfərimizin 5-ci il dönümü ilə əlaqədar Bakıda keçirilmiş paradda ilk dəfə olaraq ən müasir qoşun növü olan İnsansız Sistem Qoşunlarının heyəti iştirak edib.
Yeni sistem və onun perspektivi haqqında Modern.az-a hərbi ekspert Ramil Məmmədli danışıb.
Hərbi ekspert bildirib ki, 2006-cı ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyini yerli istehsal ilə kifayət qədər təmin edir.
O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri öz arsenalına müxtəlif təyinatlı Pilotsuz Uçuş Aparatları (PUA) cəlb etməkdədir. Bu sahədə Azərbaycanın müxtəlif ölkələri ilə əməkdaşlığı mövcuddur.
Ekspert vurğulayıb ki, PUA-lar təyinatına görə müşahidə, kəşfiyyat tipli fərqli təyinatlara görə qruplaşır. Sonrakı mərhələdə isə kamikadze – hücum dronlarının istehsalı, eyni zamanda alınmasına başlanılıb.
Ramil Məmmədli qeyd edib ki, çoxşaxəli istehsal ayrıca qoşun növünün yaradılmasını zəruri edib:
“Artıq bu qoşun növü - İnsansız Sistem Qoşunları yaradılıb. Yeni qoşun növü hücumların və müşahidə- müdafiə əməliyyatlarının aparılmasını fiziki müdaxiləsiz həyata keçirə bilir. Azərbaycan dünyada ilk ölkələrdəndir ki, belə qoşun növünə sahibdir. Bu istiqamət davamlı olaraq təkmilləşdirilir”.
Cavid Zahidoğlu