Prezident İlham Əliyev bu gün bir sıra vacib təyinatlar edib. Dövlət başçısı Ceyhun Cəlilovu Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib.
Ceyhun Cəlilov Naxçıvanın sabiq baş naziri, digərləri isə əvvəllər icra başçısı və başçı müavini vəzifələrində çalışıb.
Dövlət başçısı yeni təyin olunan məmurları qəbul edərkən onlara bir sıra tapşırıqlar verib. Prezident vurğulayıb ki, əsas məqsəd xalqa xidmət olmalıdır.
Modern.az-a təyinat xəbərlərini şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin tutduğu dinamik yerdəyişmə uğurlu siyasətdir.
"Məqsəd təcrübə toplamış icra başçısının bacarığından istifadə edərək digər rayonların rifahını yüksəltməkdir. Bu yolla regionların sosial-iqtisadi inkişafına töhfələr verilib. Yerdəyişmə cəmiyyət tərəfindən də müsbət mənada qavranmalıdır”, - o qeyd edib.
Komitə sədri vurğulayıb ki, icra başçısı postundakı şəxs elə bir səlahiyyət daşıyır ki, o insanlarla daimi ünsiyyətdə olur. Sakinlə birbaşa təmasın qurulması sosial tələbatın qarşılanması üçün mühüm faktordur.
T.Rzayev bildirib ki, etimadı doğrultmayan icra başçılarının vəzifədən azad edilməsi qanunauyğundur. “Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar tutduğu mövqedən uzaqlaşmalıdır. İndi tələb böyükdür. İnsanların qayğısına qalmaq lazımdır”.
Cəzalandırılmış icra başçıları barədə fikir bildirən deputat qeyd edib ki, heç bir insan nöqsansız deyil. Məsələ nöqsanın böyük və ya kiçikliyindədir, hansı fəsadlara yol açdığındadır: “İcra başçısı bu gün görüləsi hər hansı bir işi sabaha saxlayıbsa, bu, başa düşüləndir. Vəzifədən səlahiyyətlərini aşma və sui-istifadə halları isə böyük nöqsandır, bir çox halda cinayət xarakteri alır”.
Cavid Zahidoğlu