"Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda yeni təyin olunan səlahiyyətli nümayəndə və bir sıra rayon icra başçıları ilə görüşdəki çıxışı təkcə idarəetmə mədəniyyəti baxımından deyil, həm də ölkənin regional inkişaf siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi aspektindən əhəmiyyətlidir. Prezidentin nitqi, dövlətin son illər ərzində formalaşdırdığı dayanıqlı inkişaf modelinin sosial, iqtisadi və ekoloji sütunlarını özündə birləşdirir".
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bütün bölgələrində əsas infrastruktur layihələri artıq başa çatma mərhələsindədir:
"Elektrik enerjisi, su təchizatı, yollar və sosial infrastruktur kimi sahələrdə həyata keçirilmiş layihələr ölkə miqyasında bərabər imkanların təmininə yönəlmiş ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısının “artıq bu problem ciddi problem kimi mövcud deyil” fikri, infrastruktur inkişafının saydan keyfiyyətə keçid mərhələsinə qədəm qoyduğunu göstərir.
Yolların, içməli su və enerji şəbəkələrinin müasir standartlara cavab verməsi təkcə iqtisadi göstərici deyil, həm də sosial ədalətin regionlarda bərqərar olması üçün zəruri platformadır. Çünki infrastrukturun bərabər bölüşdürülməsi sosial bərabərliyin təməlidir.
Prezidentin çıxışında vurğulanan “əsas prinsip sosial ədalət prinsipidir” tezisi, dövlət siyasətinin insan yönümlü xarakterini bir daha təsdiqləyir. Bu, inzibati göstərişdən çox, bütün idarəetmə sisteminin ideoloji təməlidir.
Dövlət başçısı xatırladır ki, bir vaxtlar bölgələrdə neqativ proseslərin səbəbi mərkəzi icra orqanlarında və yerlərdəki bəzi məmurların qanunsuz hərəkətləri idi. Bu gün isə həmin halların aradan qalxması ilə regionlarda ədalətli və şəffaf idarəetmə mühiti formalaşır. Sosial ədalət prinsipi yalnız iqtisadi bərabərlik deyil, həm də vətəndaşla dövlət arasında etimad münasibətinin bərpası deməkdir.
Prezident İlham Əliyev çıxışında məşğulluq məsələsini xüsusi prioritet kimi qeyd edir. Dövlət başçısının sözlərinə görə, işsizliyin səviyyəsi azalsa da, bölgələrdən şəhərlərə miqrasiya hələ də aktualdır. Bu fakt, əslində, Azərbaycanın iqtisadi strukturunda mərkəzləşmə dərəcəsinin tədricən azaldılması zərurətini göstərir.
Bölgələrdə sahibkarlığın təşviqi, güzəştli kreditlər, özünüməşğulluq proqramı və yerli istehsalın dəstəklənməsi – bütün bunlar dayanıqlı məşğulluq ekosisteminin qurulmasına xidmət edir. Prezidentin “iş adamlarına şərait yaratmaq lazımdır” fikri yerli rəhbərlərə ünvanlanmış sosial-iqtisadi məsuliyyət çağırışıdır.
Əslində, dövlət siyasəti bu mərhələdə “mərkəzdən subsidiyalaşdırma” modelindən “yerli təşəbbüslərin gücləndirilməsi” mərhələsinə keçir. Bu, həm də iqtisadi azadlıqların regionlara daşınması deməkdir.
Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri də ekoloji məsuliyyət məsələsidir. Dövlət başçısı qeyd edir ki, “bölgələrdə ekoloji tarazlıq mütləq qorunmalıdır” və “qanunsuz fəaliyyətə qətiyyən yol verilməməlidir”.

Millət vəklinin sözlərinə görə, iqtisadi inkişafla təbii mühitin qorunması arasında tarazlıq siyasətinin əsas tezisidir:
"Bakı və Sumqayıtda aparılan genişmiqyaslı rekultivasiya işləri, Qara şəhərin Ağ şəhərə çevrilməsi kimi nümunələr artıq ekoloji modernləşmənin simvoluna çevrilib. Prezidentin vurğuladığı kimi, bu siyasət regionlarda da tətbiq olunmalıdır. Çay məcralarının dəyişdirilməsi, tikinti materiallarının qanunsuz hasilatı və torpaq zəbtinə qarşı sıfır tolerantlıq yanaşması bütün yerli rəhbərlər üçün prinsipial tələb kimi qoyulur.
Prezidentin çıxışı həm də göstərir ki, Azərbaycanın regional inkişaf siyasəti artıq infrastruktur mərhələsindən institusional mərhələyə keçid edir. İnfrastruktur artıq mövcuddur, indi əsas məsələ onun üzərində dayanıqlı sosial və iqtisadi sistemlərin qurulmasıdır.
Bu, həm də yeni idarəetmə sinerjisi deməkdir. Yerli icra hakimiyyətləri, sahibkarlar, vətəndaş cəmiyyəti və əhali arasında əməkdaşlıq mexanizmlərinin güclənməsi ön plana keçməlidir. Dövlət başçısının “bütün kəndləri bir-bir gəzib insanlarla təmasda olmaq” çağırışı isə sadəcə simvolik deyil, idarəetmənin kommunikativ transformasiyasının göstəricisidir. Yəni rəhbərlik kabinetdən çıxmalı, real insanlarla ünsiyyət müstəvisinə qayıtmalıdır.
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi çıxış, Azərbaycanın regional inkişaf siyasətinin keyfiyyətcə yeni mərhələyə keçidini təsdiqləyir. Bu mərhələni əvvəlkilərdən fərqləndirən əsas cəhət odur ki, artıq söhbət yalnız tikintidən və layihələrdən deyil, insan mərkəzli, sosial ədalət yönümlü və ekoloji tarazlıqlı idarəetmədən gedir.
Əgər əvvəlki illərdə məqsəd infrastruktur bərpası idisə, bu gün məqsəd həmin infrastrukturun üzərində dayanıqlı rifah cəmiyyətinin qurulmasıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın bütün bölgələrini inkişaf, sosial ədalət və məsuliyyət dəyərləri üzərində birləşdirir.
Bu isə dövlətin modernləşmə kursunun real təcəssümü, “müasir Azərbaycan modeli”nin əsas təməlidir".