Dövlət Miqrasiya Xidmətində (DMX) Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Portalının təqdimat mərasimi keçirilir.
Portal Yüksəkixtisaslı Miqrant Proqramı iştirakçılarının müraciətlərinin qəbulu və cavablandırılması, işəgötürənlərə əcnəbi mütəxəssislərin məlumatlarına çıxış, yüksəkixtisaslı miqrantlar və onların ailə üzvləri üçün proqramın təmin etdiyi güzəştlərlə bağlı məlumatların əldə edilməsi və s. imkanlar yaradır.
Modern.az-ın məlumatına görə, mərasim öncəsi DMX-nin rəisi Vüsal Hüseynov bildirib ki, yüksək ixtisaslı əcnəbilərin bilik və bacarıqları 100 ballıq sistemdə 70 faizdən artıq nəticə göstərə bilərlərsə, Azərbaycanda işləmək imkan qazanacaqlar:
"Layihə eyni təyinatlı beynəlxalq resurslarla rəqabət şəraitində fəaliyyət göstərəcək".
Portal bu gün ictimaiyyətə təqdim olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyun 2024-cü ildə Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Cavid Zahidoğlu