Pakistanda Tibb Universitetinin sonuncu kursunda təhsil alan yeddi tələbə piknik edərkən Kəraçinin sahilində Ərəb dənizinin güclü dalğaları onları suya sürükləyib. Xilasetmə xidmətinin məlumatına görə, hadisə nəticəsində üç tələbə həyatını itirib, üçü xilas edilib, bir tələbə isə hələ də itkin düşmüş sayılır.
Polis və yerli hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, dənizdən huşsuz vəziyyətdə çıxarılan üç tələbə yaxınlıqdakı xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyəti stabil, birinin isə ağırdır. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, “Dow Tibb Elmləri Universiteti”nin tələbələri piknik zamanı dənizdə boğulublar. Universitetin təxminən 150 tələbəsindən ibarət qrup Kəraçi sahillərində piknikdə olub. Onlardan 15 nəfər isə ayrıca olaraq Ərəb dənizinə yaxın başqa bir çimərliyə yollanıb.
Universitet rəsmilərinin bildirdiyinə görə, bu 15 nəfərlik qrup sonuncu kurs tələbələrindən ibarət olub və onlar piknik təşkil ediblər. Hadisə şahidlərinin sözlərinə görə, tələbələr sahildə oynayarkən top dənizə düşüb. Onlardan biri topu götürmək üçün suya girdikdə dalğalar tərəfindən aparılıb. Digər tələbələr onu xilas etməyə çalışarkən eyni aqibətlə üzləşiblər.
Xəstəxana mənbələrinin məlumatına görə, xilas edilən tələbələrdən ikisinin vəziyyəti qənaətbəxşdir, birinin isə vəziyyəti ağır olaraq qalır. Universitetdə bu cür çimərlik səfərləri uzun illərdir davam edən bir ənənə hesab olunur.