Modern.az

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTO

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTO

Aktual

13 Noyabr 2025, 11:18

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Şirvanlı və Qırmızı Şəfəq kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.

Modern.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Şirvanlı və Qırmızı Şəfəq kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “12 Noyabr 1995-ci ildə ilk Milli Konstitusiyanın qəbulu, ölkəmizin dövlət quruculuğu tarixində yeni səhifə açdı” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edilsə də, ölkəmiz milli təhlükəsizliyi təhdid edən hərbi təcavüz, xarici təzyiqlər və daxili çəkişmələr, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi ciddi problemlərlə üzləşdi. Məhz bu cür çətin vəziyyətdə xalqımız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb etdi və nəhayət, Ümummilli Lider 1993-cü ilin iyun ayında Bakıya qayıtdı. O zaman Ulu Öndər “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”,- deyərək olduqca məsuliyyətli missiyanı öz üzərinə götürdü və xalqımızı bu çətin vəziyyət qutarması haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyası qəbul edilib. Bu tarixi hadisə ölkəmizin dövlət quruculuğu tarixində dönüş nöqtəsi olub, Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan üçün Konstitusiyanın qəbulu dövlət idarəçiliyinin hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının təmin olunması, cəmiyyət və dövlət münasibətlərinin müasir prinsiplər əsasında tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik iradəsinin, milli birliyinin və azadlıq arzularının təcəssümüdür. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi, dərin uzaqgörənliyi və hüquqi dövlət quruculuğu sahəsindəki müdrik siyasəti nəticəsində müasir Azərbaycan dövlətinin möhkəm hüquqi təməli formalaşdı. Ulu Öndərin “Konstitusiya xalqın iradəsini ifadə edən ali hüquqi sənəddir” sözləri bu sənədin mahiyyətini və tarixi əhəmiyyətini aydın şəkildə əks etdirir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi və hüquqi inkişaf strategiyasını uğurla davam etdirir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsiplərinə əsaslanan islahatlar həyata keçirilir, dövlət idarəçiliyi daha da təkmilləşdirilir, insan hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunur.

RİH-in başçısı qeyd edib ki, Konstitusiya Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlət müstəqilliyinin təminatçısı olmaqla yanaşı, ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirən əsas qanundur. 12 Noyabr tarixi bu gün də Azərbaycan xalqı tərəfindən Konstitusiya Günü kimi böyük qürur və ehtiramla qeyd edilir.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, elektrik təsərrüfatının yenilənməsi, işsizlik, kəndlərin mavi yanacaqla təmin olunması, odun təminatı və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Genaral işə qarışdı - Təyyarə qəzasıyla bağlı ŞOK DETAL