Bu gün Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbirin mövzusunu “inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” təşkil edir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Müraciətdə Azərbaycanın qlobal rəqəmsal inkişafın təşviqinə və hamı üçün inklüziv bağlantının təmin edilməsinə sadiqliyi vurğulanıb.
Açılış mərasimində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin və BTİ-nin İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava da çıxış edib.
Tədbirdə Azərbaycanda telekommunikasiyanın inkişafı tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə BTİ tərəfindən 4 ildən bir keçirilən tədbirdir.
“WTDC”yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək. Bu da öz növbəsində regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada rolumuzu daha da möhkəmləndirəcək və ölkəmizin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək. Tədbir 17-28 noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. “WTDC-25” kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, informasiya və kommunikasiya texnologiyaları tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün unikal imkan yaradacaq.
Konfransın ümumi nəticələri arasında:
Rəqəmsal inkişaf üçün qlobal yol xəritəsinin (2026 – 2029) qəbul edilməsi
Qlobal səviyyədə razılaşdırılmış Bəyannamə və Fəaliyyət Planının hazırlanması
Yeni regional təşəbbüslərin müəyyənləşdirilməsi
Qlobal səviyyədə telekommunikasiyanın inkişaf prioritetlərinin müəyyən edilməsi
Ən az inkişaf etmiş ölkələrin (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDCs) və kiçik ada və inkişaf etməkdə olan dövlətlərin (SIDS) rəqəmsal inkişaf ehtiyaclarının həll edilməsi məsələləri diqqət mərkəzində olacaq.
Onu da əlavə edək ki, tədbirə ABŞ, Almaniya, Türkiyə, Rusiya, Fransa, İsrail, Yaponiya, Çin, Tailand, İsveçrə, Yunanıstan, Malayziya, Slovakiya, Qazaxıstan daxil olmaqla 160-dan artıq ölkədən 2500 iştirakçı qatılıb. Təxminən 60 ölkədən nazir və nazir müavini səviyyəsində nümayəndələr iştirak edirlər.
Tədbirə həmçinin 500-dən artıq gənc qatılıb. Bakıdakı konfransda həm beynəlxalq, həm də yerli gənclərin iştirakı onlara qlobal texnoloji tendensiyalarla tanış olmaq və beynəlxalq tərəfdaşlıqlar qurmaq üçün imkanlar yaradır.