Türkiyədə Qarabağ Biblioqrafiyası (1991-2024) kitabı işıq üzü görüb.
Modern.az xəbər verir ki, kitab Mərmərə Universitetinin professoru, Azərbaycana bağlı onlarla kitabın müəllifi, yaxud tərtibatçısı Okan Yeşilot tərəfindən hazırlanıb.
Kitabın ön sözünü TİKA rəhbəri Abdullah Eren yazıb. Qeyd edilir ki, tarix boyu geosiyasi mövqeyi, etnik və dini strukturu, sosial və mədəni irsi, beynəlxalq münasibətlər sistemi içində tutduğu mövqeylə seçilən Qarabağ, həm tarixşünaslıq, həm də sosial-humanitar araşdırmalar üçün xüsusi əhəmiyyətə malik regiondur. Toplumların taleyinə birbaşa təsir göstərən siyasi proseslərin, müharibələrin və sülh cəhdlərinin mərkəzində dayanmış Qarabağ bəzən uzaqdan görünən, bəzən isə ən yaxınından belə eşidilməyən faciələrin, məcburi köçlərin və uzun illər davam edən sərhəd mübahisələrinin düyün nöqtəsinə çevrilmişdir. Bu səbəbdən Qarabağ haqda çoxsaylı akademik araşdırmalar aparılmış, region həm tarixi hadisələrin, həm də transmilli siyasi və mədəni transformasiyaların əsas mərkəzlərindən biri kimi dəyərləndirilmişdir.
Hazırkı tədqiqat Qarabağ mövzusuna dair geniş miqyaslı ədəbiyyat təhlilinə əsaslanır və keçmişdən günümüzə qədər regionda baş verən prosesləri sistemli şəkildə araşdırmağı hədəfləyir. Əsərin əsas məqsədi bölgənin etnik yapısını, siyasi sistemini, mədəni irsini və tarixi hadisələrini obyektiv elmi müstəvidə təqdim etmək, Qarabağla bağlı mövcud akademik bilikləri vahid çərçivədə toplayaraq əlçatan etməkdir. Bu məqsədlə dünyanın müxtəlif dillərində, almanca, ingiliscə, fransızca, italyanca, ispan, ərəb, fars, erməni, gürcü, Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, yapon, qazax, qırğız, özbək, rus və yunan dillərində yazılmış minlərlə mənbə nəzərdən keçirilmiş, 1991–2024-cü illəri əhatə edən “Qarabağ Biblioqrafiyası” sistemli şəkildə tərtib olunmuşdur.
Bu araşdırma akademik mühitdə mövcud boşluqları doldurmağı, bölgə üzrə elmi tədqiqatlara mənbə yaratmağı, həmçinin tarix, siyasət, mədəniyyət, sosiologiya, hüquq və digər sahələrdə aparılan multidissiplinar çalışmaları bir araya gətirməklə elmi bilik dövriyyəsini gücləndirməyi hədəfləyir. Qarabağın tarixi, siyasi, mədəni və sosial xüsusiyyətlərinin kompleks şəkildə araşdırılması həm regional, həm də qlobal elmi diskurs üçün yeni perspektivlər açır.
“Qarabağ Biblioqrafiyası”nın əsas məqsədi tədqiqatçılara, akademiklərə və mövzu ilə maraqlanan oxuculara etibarlı, sistemli və çoxşaxəli bir mənbə təqdim etməkdir. Bölgəyə dair tarixi hadisələrin daha geniş analitik çərçivədə qiymətləndirilməsi, elmi mühitdə mövcud biliklərin zənginləşdirilməsi və yeni araşdırmalar üçün sağlam baza formalaşdırılması əsərin dəyərli töhfələrindən biridir. Bu əsər akademik kriteriyalara əsaslanan obyektiv yanaşmanı prioritet tutur və Qarabağa dair ardıcıl, sistemli, elmi məlumat bazasının yaranmasına mühüm şəkildə xidmət edir.