Müraciətlər əsasında aparılmış xüsusi laborator müayinələrin nəticələri hazırda qriplə bağlı ölkə ərazisində epidemioloji durumun sabit olmasını və infeksiyanın tək-tək rast gəldiyini deməyə əsas verir.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
“Qrip infeksiyası bütün ərazilərdə ilboyu rast gəlir, lakin epidemioloji olaraq fəsillilik xüsusiyyətinə malikdir. Yəni payız və qış fəsillərində fəsli qripin artımlarının müşahidə olunması Azərbaycanın da daxil olduğu mülayim iqlimli ölkələr üçün qanunauyğun haldır. Qripə qarşı aparılmış vaksinasiyanın effektivliyi sübutludur və dünya təcrübəsinə əsaslanır. Deyə bilərik ki, ölkəmizdə bu il qripə qarşı aparılmış peyvəndləmə bütün epidemik fəsil boyu yoluxaraq xəstələnən insanların sayının və infeksiyadan baş verə biləcək fəsadlaşma hallarının azalmasına səbəb olacaqdır. Qrip infeksiyası zamanı ağır və fəsadlı gedişin risk qruplarına 5 yaşın altında olan uşaqlar, hamilələr, tənəffüs yollarının və digər orqanların ağır xroniki xəstəliyi, müxtəlif səbəbli immunodefisiti olan şəxslər, həmçinin yaşı 65-in üzərində olan ahıl insanlar daxildir”, - ekspert əlavə edib.
Qeyd edək ki, 8 oktyabrdan 13 noyabradək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21 186 nəfər qrip əleyhinə peyvənd olunub.
Onlardan 0-17 yaş aralığı 2 700 nəfər, 18-59 yaş aralığı 14 807 nəfər, 60 yaş və yuxarı isə 3 679 nəfərdir.
Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.
Əlavə edək ki, peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.