Modern.az

Təhsil və Vətənpərvərlik Nümunəsi

Təhsil və Vətənpərvərlik Nümunəsi

Aktual

19 Noyabr 2025, 09:52

Ulu Öndər Heydər Əliyev deyirdi:

“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.”

Bu yazıda həmin yüksək ad sahiblərindən biri – Nizami Əkbərov haqqında danışmaq istəyirəm. Çoxlarımızın rayonun ictimai-siyasi tədbirlərində onun fəallığını görüb tanıdığı Nizami müəllim haqqında yeni bir söz deməyə ehtiyac yoxdur. Lakin onu tanıtmaq, gənc nəslə örnək olan fəaliyyəti və fədakarlığını bir daha vurğulamaq hər zaman vacibdir.

Nizami müəllim yalnız peşəsini sevən bir pedaqoq deyil, həm də gənclərə sevgi və nümunə ilə yol göstərən bir müəllimdir. Zaman keçdikcə bu adi, sadə görünən insanın ömür yolu və həyat hekayəsi gələcək nəsillər üçün örnək olacaq. Bir gün kimsə onu “təhsil fədaisi” adlandıracaq.

Doğrudan da, Nizami Əkbərov ömrünün 40 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Onun fəaliyyəti təkcə şagirdlər üçün deyil, həm də həmkar müəllimlər üçün örnək olub. Nizami müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, pedaqoji kollektivə rəhbərlik etmiş və öz təcrübəsini başqalarına ötürmüşdür. Bu baxımdan onun 30 il məktəb direktoru olması faktı diqqətdən qaçmır.

1965-ci ildə Kəlbəcər rayonun Dəmirçidam kəndində dünyaya göz açan Nizami Əkbərov orta təhsilini başa vurduqdan sonra Gəncə Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. Universitetə qəbul olunmasından az sonra hərbi xidmətə çağrılıb. Vətən borcunu şərəflə yerinə yetirdikdən sonra ali təhsilini davam etdirərək uğurla başa vurmuş və doğma Seyidlər kənd məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

Kəlbəcərin işğalı ilə əlaqədar Gəncədə məskunlaşdıqdan sonra 1993–1995-ci illərdə 5 nömrəli Kəlbəcər məktəbində müəllim işləyib. 1995-ci ildən isə həmin məktəbin direktoru kimi fəaliyyətini uğurla davam etdirir. Onun təşkilatçılığı, rayon icra hakimiyyətinin və təhsil sektorunun dəstəyi, eləcə də məktəb kollektivinin birgə səyi nəticəsində 5 nömrəli məktəb yeni ünvanda fəaliyyətini davam etdirir. Hazırda bu təhsil ocağında 21 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğuldur.

Nizami müəllim həm də gənc nəsilin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər zəminində tərbiyə olunmasına xüsusi diqqət yetirir. Onun rəhbərliyi və nümunəvi fəaliyyəti sayəsində şagirdlər yalnız elmi biliklərlə deyil, həm də milli dəyərlərə və Vətənə sədaqət ruhunda böyüyürlər.

Eyni zamanda, Nizami müəllim respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. O, YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədridir və Yeni Azərbaycan Partiyasının fəaliyyətində yaxından iştirak edir, partiya dəyərlərini daim təbliğ edir. 1995-ci ildən Kəlbəcər Seçki Dairəsinin 19 saylı seçki məntəqəsinin sədri olaraq da öz vəzifəsini böyük məsuliyyətlə yerinə yetirir.

Bu gün müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunub. Kəlbəcər yenidən dirçəlir. İnşallah Dəmirçidam kəndinə də köç olacaq və Nizami müəllim həmin kənddə yeni qurulacaq məktəbdə öz bilik və bacarığı ilə gənc nəslə tövsiyələrini verəcəkdir.

Bu gün Nizami müəllimin 60 yaşı tamam olur. Onu ürəkdən təbrik edir, can sağlığı, uzun ömür və ailə səadəti arzulayırıq. Belə insanları tanıtmaq, onları gənc nəsil üçün örnək göstərmək hər birimizin vəzifəsidir. Nizami müəllim də bu yüksək adın, fədakarlığın və təhsilə sədaqətin ən parlaq nümunəsidir.

Köçəri Orucoğlu

YAP Kəlbəcər rayon təşkilatı

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu