Mahir Süleymanlı
Milli Məclisin deputatı
20 Noyabr – Ağdam şəhəri günü qürur duyulan böyük Zəfəri və tarixi ədalətin bərpasını ifadə edən xüsusi bir gündür. Həmin gün azadlıqdan sonrakı quruculuq mərhələsinin möhtəşəm nəticələrini nümayiş etdirir. Bütün bunlar xalqın iradəsinin, dövlətin güclü siyasətinin və əzmlə aparılan qayıdış prosesinin real təcəssümünə çevrilmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” fikirləri bu tarixi missiyanın mahiyyətini tam şəkildə ifadə edir. Bu çağırış təkcə bərpa və inşa proqramına deyil, həm də xalqın qayıdış əzminə güclü stimul vermişdir.
“Ağdam” toponimi qədim türk dillərində “kiçik qala” mənasını ifadə edən sözlərlə bağlıdır. Uzaq keçmişdə bu ərazidə məskunlaşmış türkdilli tayfalar müdafiə məqsədilə əsasən kiçik qalalar tikir, həmin istehkamlar yaşayış məskənlərinin əsas müdafiə nöqtəsi kimi istifadə olunurdu. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan Ağdamda ağ daşdan ucaldılmış imarət tikilməsi barədə göstəriş vermiş və həmin imarət uzun müddət ətraf əhalinin istiqamət götürdüyü əlamətdar obyektə çevrilmişdir. Bu mənada “Ağdam” həm də günəşlə işıqlanan və uzaqdan görünən ağ imarət anlamını daşıyır.
Ağdam rayonu 1930-cu ildə yaradılmış və ümumi sahəsi 1094 kvadrat kilometr olmuşdur. Rayonun relyefi əsasən düzənlikdən ibarət olsa da, müəyyən hissələri dağlıq əraziləri də əhatə edir. Qarabağın mərkəzində yerləşən həmin bölgə Kür-Araz ovalığının qərb hissəsində və Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində strateji mövqeyə malikdir. Bu mövqe Ağdamı həm tarixi, həm müdafiə, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyətli məkana çevirmişdir.
Ağdamın ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji qazıntılar burada ən qədim insan məskənlərinin mövcudluğunu sübut etmişdir. Tədqiqatlar göstərmişdir ki, bu ərazidə Eneolit dövrünün – eramızdan əvvəl IV–VI minilliklərin sakinləri yaşayıb, onlar həm əkinçilik, həm də maldarlıq mədəniyyətinə bələd olmuşlar. Üzərriktəpə abidəsində aşkarlanan dənli bitki nümunələri, saxsı qablar, daş alətlər və digər tapıntılar Ağdamın Qafqazın ilk şəhər tipli yaşayış məskənlərindən biri olduğunu təsdiq edir. Bu tapıntılar bölgənin qədim sivilizasiyaların formalaşmasında mühüm rol oynadığını elmi əsaslarla sübut edir.
Ağdam uğrunda aparılan və 42 gün davam edən ağır döyüşlər 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğalı ilə nəticələnmişdir. Ərazinin 882 kvadrat kilometri, ümumilikdə 90 kəndi və rayon mərkəzi işğal olunmuşdur. Nəticədə, 128 min insan öz doğma yurdundan didərgin salınmış, 6 mindən artıq insan şəhid olmuş, minlərlə sakin yaralanmışdır. Ağdamdan köçkün düşmüş əhali Azərbaycanın 59 rayonunda 875 yaşayış məntəqəsinə səpələnərək uzun illər boyu ağır məcburi köçkünlük həyatını yaşamışdır. Ermənistan silahlı qüvvələrinin törətdiyi dağıntılarla əlaqədar Ağdam “Qafqazın Xirosiması” kimi adlandırılır.
1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək Ağdam rayonunun, eləcə də digər işğal edilmiş ərazilərin dərhal, tam və qeyd-şərtsiz azad olunmasını tələb etmişdir. Lakin Ermənistan beynəlxalq hüququn tələblərinə əməl etməkdən yayınmış və işğal siyasətini uzun illər davam etdirmişdir.
Ermənistan işğal dövründə Cenevrə Konvensiyalarına zidd olaraq Ağdam rayonunda sistemli şəkildə etnik təmizləmə həyata keçirmiş, coğrafi adları dəyişdirmiş, mədəni və dini abidələri dağıtmışdır. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr, ictimai binalar və yaşayış məntəqələri tamamilə sökülmüş və talan edilmişdir. Bu cinayətlər Ermənistanın məqsədinin ərazi işğalı və demoqrafik dəyişiklik yaratmaq olduğunu açıq şəkildə göstərir.
Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ağdam üçün mühüm nəticə vermişdir. Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də rayonun işğal olunmuş hissəsi Azərbaycana təhvil verilmiş və bununla əlavə insan tələfatının qarşısı alınmışdır. Bu hadisə işğalın bitməsi və böyük qayıdış prosesinin başlanması baxımından həlledici mərhələ olmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilən ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur. Bu addım həm şəhərin azad edilməsinin tarixi əhəmiyyətini ön plana çıxarır, həm də Ağdamın dövlət siyasətində xüsusi yerə malik olduğunu göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Bu sənəd işğaldan azad olunan rayonlar arasında ən birinci baş plan kimi qəbul edilmiş və Ağdamın gələcək inkişaf modelini müəyyənləşdirmişdir. Baş Plan əsasında şəhərin 100 min nəfərə qədər əhalini qəbul edəcək müasir, yaşıl və ağıllı şəhər formatında qurulması nəzərdə tutulur. Şəhərdə 5 böyük məhəllənin salınması, geniş yaşıllıq zolaqlarının yaradılması, sosial və iqtisadi infrastrukturun yenidən formalaşdırılması bu planın əsas istiqamətlərindəndir. Hazırda ikinci məhəllədə 66 binanın tikintisi aparılır və paralel olaraq digər məhəllələrdə də işlər davam etdirilir.
Ağdam rayonunun kəndlərində – Kəngərli, Xıdırlı və Sarıcalıda bərpa-quruculuq işləri geniş miqyasda həyata keçirilir. Bu kəndlərin birinci mərhələlərinin açılışı artıq baş tutmuşdur. 2025-ci ilin oktyabr ayına qədər Ağdam rayonuna 825 ailənin, 3318 nəfər sakinin qayıtması böyük qayıdış prosesinin real nəticələrini ortaya qoyur. Rayonun digər kəndlərində də layihələndirmə işləri davam etdirilir.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı 190 hektarlıq ərazisi ilə respublikanın ən böyük sənaye zonalarından biridir. Bu park Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi və məşğulluğun artırılması üçün nəzərdə tutulmuşdur. Burada 28 rezident fəaliyyət göstərmək üçün qeydiyyatdan keçmiş, ümumilikdə 260 milyon manatdan çox investisiya yatırılmışdır. Hazırda 9 müəssisə fəaliyyət göstərir və 938 nəfər daimi işlə təmin olunmuşdur.
Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa edilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 2025-ci il 10 may tarixində açılmışdır. Kompleks 8 hektarlıq ərazidə yerləşir və müasir standartlara cavab verən gözləmə zalları, xidmət məkanları, kitabxana, restoran və qapalı 350 metrlik platforma ilə təchiz olunmuşdur. Bu kompleks şəhərin regional nəqliyyat mərkəzinə çevrilməsində mühüm rol oynayır.
2025-ci il 10 may tarixində açılışı olan Ağdam Muğam Mərkəzi Qarabağın qədim musiqi irsinin bərpasında mühüm rol oynayan mədəniyyət ocağıdır. Mərkəzin 474 yerlik konsert zalı müxtəlif musiqi tədbirlərinin keçirilməsi üçün mükəmməl şərait yaradır. Burada muğam ənənələrinin tədrisi, gənc istedadların yetişdirilməsi və Qarabağın musiqi irsinin təbliği xüsusi əhəmiyyət daşıyır.