“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qədim türk mənşəli “Ağdam” toponimi “kiçik qala”, həm də “ağ, işıqlı ev” anlamını ifadə edir. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan bu ərazidə ağ daşdan imarət tikdirməklə gələcək şəhərin təməlini qoydu. Bu imarət uzun illər boyu işıqlı və nurlu Ağdamın simvoluna çevrildi.
Arxeoloji tədqiqatlar sübut edir ki, Ağdam ərazisi ən qədim insan məskənlərindən biridir. Üzərriktəpə yaşayış yeri Qafqazda ilk şəhər tipli məskənlərdən hesab olunur. Eneolit dövrünə aid tapıntılar bu torpaqlarda əkinçilik, maldarlıq və mədəni həyatın minillik ənənələrə söykəndiyini göstərir.
1993-cü il 23 iyul – Ağdamın tarixində ən faciəli günlərdən biridir. 42 gün davam edən döyüşlərdən sonra rayon ərazisinin 73 faizi düşmən tərəfindən işğal olundu. 90 kənd, 74 məktəb, 271 mədəniyyət evi, məşhur Çörək muzeyi və yüzlərlə tarixi abidə yerlə-yeksan edildi. 128 min nəfər doğma torpağından didərgin düşdü.
BMT-nin 853 saylı qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadı. Ağdam “Qafqazın Xirosiması” adlandırılaraq erməni vandalizminin simvoluna çevrildi. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Bəyanatına əsasən, 20 noyabr 2020-ci ildə Ağdam rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin və xalqımızın birliyinin nəticəsi idi.
Prezident cənab İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilmiş “Ağdamın azad olunmasına görə” medalı ilə 5790 hərbi qulluqçu təltif edildi. Bu, həm qəhrəman əsgər və zabitlərimizə dərin ehtiramın, həm də milli qürurun təcəssümüdür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, 20 noyabr Ağdam şəhəri günü elan edildi. Bu qərar azad edilmiş torpaqlarımızda yeni tarixi mərhələnin – quruculuq və dirçəliş dövrünün başlanğıcını rəmziləşdirir. Ağdam işğaldan azad edilmiş ərazilər arasında ilk təsdiqlənmiş Baş plana malik şəhərdir (16 avqust 2022). Sənədə görə, 2040-cı ilə qədər şəhər 100 min nəfərlik müasir yaşayış mərkəzinə çevriləcək. Beş yaşayış məhəlləsi, yeni sosial infrastruktur, yaşıl park zonaları, müasir sənaye və xidmət sahələri Ağdamın əvvəlki şöhrətini bərpa edəcək.
2021-ci il 28 may tarixli Prezident Fərmanı ilə yaradılan 190 hektarlıq Ağdam Sənaye Parkı artıq ölkənin ikinci ən iri sənaye parkına çevrilib. Burada 28 rezident fəaliyyət göstərir, 9 müəssisə işə düşüb, 1000-ə yaxın insan daimi işlə təmin olunub. Parkda yatırılan investisiyaların ümumi həcmi 260 milyon manatdan çoxdur.
Yeni tikilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi, Regional Rəqəmsal İdarəetmə Mərkəzi, Tədris Kompleksi, Ağdam Residence, Ağdam City Hotel, İmarət Kompleksi və Pənahəli xanın sarayı kimi obyektlər Ağdamın dirçəlişinin canlı göstəricisidir. Yenidən salınan kəndlər – Kəngərli, Xıdırlı, Sarıcalı artıq həyatla doludur. 2025-ci ilin oktyabrına qədər 825 ailə (3318 nəfər) doğma yurduna qayıdıb. “Böyük Qayıdış” proqramı təkcə infrastruktur deyil, həm də milli ruhun bərpasıdır. 2020-ci ildən bu günədək dövlət başçısının Ağdama onlarla səfəri baş tutub. Hər səfər yeni obyektin təməlini, yeni ümidin başlanğıcını simvolizə edir. Ağdamda Bayraq ucaldılıb, məscidlər bərpa çolunub, yollar salınıb, məktəblər və xəstəxanalar tikilib, kəndlər yenidən inşa edilib. Ən mühüm hadisələrdən biri 2024-cü il aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdamda birgə səfəri və Cümə məscidinin açılışı oldu – bu, həm də beynəlxalq həmrəyliyin rəmzinə çevrildi. Muğamın, ədəbiyyatın, milli kimliyin rəmzi olan Ağdam bu gün yenidən mədəni mərkəz kimi formalaşır. 2025-ci ildə açılan Ağdam Muğam Mərkəzi Qarabağ musiqi ənənələrinin bərpasında yeni səhifə açıb. 474 yerlik konsert zalı və açıq səhnəli amfiteatr gənc ifaçılar üçün böyük imkanlar yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Ağdam 2040” Baş Planı, Böyük Qayıdış Proqramı, sənaye, sosial və mədəni layihələr bu gün Qarabağın inkişaf modelinə çevrilib. Ağdamın bugünkü inşası təkcə bir şəhərin deyil, Azərbaycanın qələbə fəlsəfəsinin, yenilməz ruhunun bərpasıdır.
Ağdam artıq dağıntının yox, dirçəlişin, quruculuğun və qürurun şəhəridir. 20 noyabr – Ağdam şəhəri günü – bu gün hər bir azərbaycanlının qəlbində qələbənin, qayıdışın və milli birliyin bayramı kimi yaşayır.
Ağdam – işıqlı gələcəyimizin rəmzi, Zəfərin əbədiyyət qalasıdır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı