Modern.az

COP31-in harada keçiriləcəyinə Azərbaycan QƏRAR VERƏCƏK

COP31-in harada keçiriləcəyinə Azərbaycan QƏRAR VERƏCƏK

Aktual

20 Noyabr 2025, 10:40

BMT İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP30) vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədin razılaşdırılması Braziliya tərəfinin xahişinə əsasən Azərbaycana həvalə edilib.

Modern.az xəbər verir ki, Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir.

COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur.

Bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanıb.

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul edilməsi gözlənilən 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub. Belə ki, COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini verib. Məlum olduğu kimi, COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparır. Həmçinin COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədin razılaşdırılması Azərbaycana həvalə edilib.

COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə