Modern.az

Bu hadisəni heç gözləməzdik! - Əşyaları oğurlanan Şəhidin xanımı

Bu hadisəni heç gözləməzdik! - Əşyaları oğurlanan Şəhidin xanımı

Aktual

20 Noyabr 2025, 13:12

Bakıda Vətən Müharibəsi şəhidlərinin məzarı qarət edilib.

Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva Modern.az-a hadisənin təfərrüatları haqqında danışıb. 

O bildirib ki, oğurlanan əşyalar 2021-ci ildən bəri şəhidin məzarının yanında simvolik olaraq saxlanılırdı:

“Şəhid ailəsi olaraq biz də medianı və sosial şəbəkələri izləyirik, rəyləri oxuyuruq. Bəzən yazırlar ki, “niyə şəhidin əşyaları evdə saxlanılmır?” Halbuki bizim şəhidimizin bütün əşyaları evimizdədir. Biz ayrıca guşə yaratmamışıq, biz özümüz həmin guşənin içində yaşayırıq. Evimizin divarları başdan-başa həyat yoldaşımın əşyaları ilə doludur. Sadəcə, bir cüt çəkmə və bir kaska məzarının üzərinə simvolik, rəmzi məna daşıdığı üçün qoyulmuşdu”.

Müsahibimiz söyləyib ki, onlar məzarın üzərinə çəkmə və dəbilqə, digər şəhidin ailəsi gitara qoymuşdu:

“Qarşı tərəfdəki şəhidimiz hüquqşünas idi, onun ailəsi də gətirib kitablarını məzarının yanında yerləşdirib. Ora məktəblilər tez-tez ziyarətə gəlirlər. Qonaqlara izah olunur ki, “əsgərin ayağındakı çəkmə bu idi”, “ən sevdiyi əşyası bu idi” və s. Evimizə gələnlər onsuz da həmin əşyaları görür, sadəcə istəyirdik ki, məzarını ziyarət edənlər də şəhidimizdən qalan bir xatirəni görsünlər. Heç istəməzdik ki, bunlar kiminsə qınaq obyektinə çevrilsin”,- deyə o əlavə edib.

P.Kəlbalıyeva deyib ki, həmin əşyalar şüşə guşənin altında saxlanılıb:

“İndiyədək o əşyalara heç kim toxunmamışdı. Biz özümüz də hər gün Şəhidlər xiyabanına gedirik, çünki Bakıxanovda yaşayırıq və ora çox yaxınıq. Beş ildir hər gün səhərdən axşama qədər orada oluruq. Hadisə isə dünən gecə baş verib. Mən ondan bir gün əvvəl səhərdən saat 6-ya qədər orada olmuşam, əşyalar yerində idi”.

Həmsöhbətimizin sözlərinə görə, bundan 3-4 gün əvvəl digər bir şəhidin gitarasının oğurlandığını eşidib və narahat olublar:

“Amma bizim şəhidimizin əşyalarına toxunulmamışdı. Dünən səhər isə xəbər aldıq ki, gecəylə gəlib şüşəni sındırıb əşyaları götürüblər.

Hadisə artıq DİN əməkdaşları tərəfindən araşdırılır. Əl izləri və digər faktlar üzərində iş gedir. Biz heç vaxt gözləməzdik ki, belə bir hadasə baş verər. Beş il ərzində insanlar sadəcə baxıb gedirdilər. Xalqımızın şəhidlərə olan hörmət və ehtiramını bu illər ərzində görmüşük. Ona görə də inanmırıq ki, bunu sağlam düşüncəli bir vətəndaş etsin. Görünür ki, bunu hansısa psixoloji problemi olan, xəstə ruhlu biri törədib”.

Şəhidin həyat yoldaşı vurğulayıb ki, indiyə qədər ən çox güldan kimi kiçik əşyaların oğurlanması halları olsa da, buna elə də önəm verməyiblər:

“Amma bu dəfə məsələ bir qədər fərqlidir. Çünki söhbət bizim üçün böyük mənəvi dəyəri olan əşyalardan gedir. Bir daha vurğulamaq istərdim, biz onları məzara ona görə qoymuşduq ki, ziyarətə gələnlər şəhidimizdən, onun həyatından geriyə qalan bir izi də görə bilsinlər. Hər kəs bizim evimizə gələ bilmir, amma məzarlığı hər kəs ziyarət edir.

Şəhidlər xiyabanında təkcə mənim həyat yoldaşımın deyil, digər şəhidlərimizin də kiçik əşyaları, onlardan geriyə qalan xatirələr var. Kiminin gitarası, kiminin universitetdə oxuduğu kitablar… Həyat yoldaşım 16 il zabit kimi xidmət edib, mayor idi - kaskası, çəkmələri onu ifadə edirdi. Ora əslində deyərdim ki, kiçik bir açıq hava muzeyidir. Çünki muzey təkcə qapalı məkanda olmur. İnsanlar ziyarətə gələndə yalnız başdaşını yox, həm də şəhidimizin keçdiyi yolu, onun izlərini ziyarət edirlər. Bu da bizim açıq hava muzeyimiz idi”,- deyə P.Kəlbalıyeva bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə