Modern.az

YAP-dakı naxələflər ələkdən keçirilməlidir - Komitə sədri

YAP-dakı naxələflər ələkdən keçirilməlidir - Komitə sədri

Aktual

22 Noyabr 2025, 13:15

Ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasının 33-cü ildönümü qeyd edildi.

Partiya sıralarında olan bəzi vəzifəli şəxslərin YAP-ın nüfuzundan sui-istifadə edərək ciddi nöqsanlara yol verməsi hallarına dəfələrlə rast gəlinir. Belə şəxslər arasında icra başçıları və daha yüksək çinli məmurlar az olmayıb. Hətta həbs olunanlar, barəsində cinayət işi açılanlar da var.

Məsələn, YAP-ın Veteranlar Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham olunur.

Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, YAP bu gün Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır:

“Partiyanın yaranması, formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu partiyanın ilk özəyini onun yaradılmasını təklif edən Ulu öndərimiz olub. Sözsüz ki, partiya xalqımızın Ulu öndərə təkidli təklifi ilə yaradılıb. Çünki o dövrlərdə Azərbaycanda yekdil bir siyasi partiyaya ehtiyac vardı. Belə bir partiyanın yaradılması və bugünkü uğurlarını təmin edilməsini məhz Heydər Əliyev kimi böyük şəxsiyyət təmin edə bilərdi. Partiya buna görə də Naxçıvanda yaradıldı. Yarandığı gündən bəri 33 ildə Azərbaycanın ictimai-siyasi həyatına böyük töhfə verdi.

Partiyanın ətrafında 800 minə yaxın adam birləşir. Ziyalılar, alimlər, mütəfəkkirlər, sadə insanlar bu partiyanın irəli getməsində, formalaşmasında özlərinin bütün əməklərini qoyurlar. Və onun formalaşması, tanınması, dünyada şöhrət qazanması hər bir partiya üzvünün borcudur. İlk növbədə ölkə rəhbəri cənab İlham Əliyev bu gün partiyanın rəhbəri kimi, hörmətli Mehriban xanım Əliyev partiya sədrinin birinci müavini kimi YAP-ın uğurlarının təmin olunmasında başlıca rol oynayırlar. Bu, partiyanın son qurultayında da özünü göstərdi. Bütün Azərbaycan ictimaiyyəti bu gün Yeni Azərbaycan Partiyasına bir siyasi qüvvə kimi ümidlə baxır. Çünki ölkənin iqtisadi, siyasi, mədəni həyatında YAP üzvləri fəal qüvvə kimi yaxından iştirak edirlər. Ölkə başçısının yürütdüyü siyasət, həyata keçirdiyi tədbirlər YAP üzvləri ilə birlikdə görülən işlər xalqımızın xoşbəxtliyinə, firəvanlığına, inkişafına xidmət edir. Ona görə də hər bir insan YAP-ın ildönümünü qürurla yad edir, sevinclərini birlikdə bölürlər. Mən də hər bir partiya üzvünə uğurlar arzulayıram, ilk növbədə partiyamızın sədrinə, hörmətli Prezidentimizə can sağlığı, uğur, partiya quruculuğunda yeni müvəffəqiyyətlər arzulayıram".

Tahir Rzayev qeyd edib ki, partiya üzvlərindən nöqsanlara yol verən şəxslər YAP-dan çıxdaş edilirlər:

"Mən partiyanın ilk yaradıcılarından biriyəm. Ağcabədidə ilk təşkilatın qurulmasının fəal iştirakçısı olmuşam. Bu gün də qürurla hiss edirəm ki, YAP-ın Veteranlar Şurasının üzvüyəm. Partiyada müəyyən adamların nöqsanlara yol verməsini təbii hesab edirəm. Bütün siyasi qurumlarda belə hallar olur. Ən yekdil partiyalarda da belə hallar var. 

Sözsüz, naxələflər, etibarsızlar bu partiya sıralarında ola bilməzlər. Kim qüsurlara, nöqsanlara yol verirsə, partiya sıralarından çıxdaş edilirlər. Son illərdə nəinki ciddi nöqsanlara yol verən icra başçıları, eləcə də nöqsanlara görə siravi adamlar da partiyadan azad olunublar. Düzdür, vəzifəli adamların qüsurları, nöqsanları var, onlar ictimaiyyət arasında ya adlarına, ya da tutduqları vəzifələri ilə gündəmdədirlər. Yenə deyirəm, partiya öz mövqeyində həmişə prinsipial olub. Ətrafına sədaqətli, dövlətə və dövlətçiliyə sadiq adamları toplayıb. Məhz bu səbəbdəndir ki, partiya belə yüksək nüfuza malikdir.

Partiya üzvləri arasında nazirlər, icra başçıları, məsul vəzifədə olanlar da var. Müəyyən adamlar nöqsanlara görə partiya sıralarından çıxarılıblar. Belə adamlar varsa, yenə də partiya sıralarından çıxarılacaqlar. Bu gözləniləndir. Partiya üçün bu, narahatlıq doğurmur. Yenə deyirəm, bu partiya artıq ən çətin vaxtlarda sınaqlardan çıxıb. Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrında yaradıldı, 1993-cü ilin iyun ayında iqtidar oldu. Dünyada buna bənzər bir partiya yoxdur".

Komitə sədri Ramiz Mehdiyevin Heydər Əliyevi hakimiyyətə dəvət edən çağırış sənədinə imza atıb-atmadığı barədə bunları deyib:

"Ulu öndərimizin yaş senzini götürməkdən ötrü Milli Məclisə dəvət olunması üçün vaxtilə rayonlarda ziyalılardan, müəyyən məsul vəzifədə çalışan insanlardan imza toplayırdıq. Bir neçəsinin qapısına da getdik, dəvət də etdik. Bir çoxları imza atmadılar. Ramiz Mehdiyevin imza atmadığını mən deyə bilmərəm. Çünki onunla mənim sıx əlaqələrim olmayıb. Onun yoldaşları, ona yaxın olan adamları var.  "91"lərin içərisində olmayıbsa, deməli, təşəbbüs göstərməyib, müraciət ediblər, o da yayınıb, ya da qorxub, çəkinib. Amma imza atanlar arasında sıravi müəllimlər, müxbirlər, yazıçılar var. Onların imzası Ulu öndərə rəğbətdən, hörmətdən, ona olan inamdan irəli gəlir. "91"lərlə yanaşı, 100 minlərlə insan Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarıydı. Onlar imza atsaydılar, minlərlə insanın imzası olardı. O vaxt eləydi ki, müraciət qəbul olunub, xalqa çatdırılmalı və xalq birləşməliydi. O məqsədlə də "91"lər tez imza atdılar və bu yerlərə yayıldı. Təşəbbüs qrupunda olan adamlara çatdırıldı ki, "91"lər tərəfindən belə bir addım atılıb. Ondan sonra insanlar arasında söhbətlər aparıldı. "91"lərin də təşəbbüsü təqdirəlayiqdir. Onların hər biri YAP üzvləri üçün əzizdir. Bu, Ulu öndərə böyük rəğbətlə bərabər, xalqın gələcəyinə ümid idi ki, o hakimiyyətə gəlsə, xalq bəlalardan qurtarar. Xalq da yanılmamışdı, doğrudan da, hakimiyyətə gələn kimi ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Silahlı qruplaşmalar aradan qaldırıldı, atəşkəs təmin olundu. Bunu Heydər Əliyev kimi adam bacara bilərdi. Şükürlər olsun ki, xalqın xahişini Ulu öndər qəbul etdi və hakimiyyətə gəldi. Bu gün də biz bununla qürur duyuruq".

Tahir Rzayev söyləyib ki, partiyadakı naxələflər ələkdən keçirilməlidir:

"Partiyada keyfiyyət amili olmalıdır. Kəmiyyətə fikir vermək olmaz. Partiyada sədaqətli, etibarlı, yeri gələndə sözünü deyən adamlar olmalıdır. Yeni Azərbaycan Partiyası iqtidardadı. Bir vaxtlar partiyanı dəstəkləməyənlər, Heydər Əliyev ideyalarına qarşı çıxanlar, onun gəlişi üçün müraciətə imza atmayanlar tez bir zamanda partiyaya qoşuldular və Ulu öndər haqda kitablar, məqalələr yazmağa başladılar. Elə bir fon yaratdılar ki, guya onlar Heydər Əliyevlə silahdaş olublar, onun sözünü deyiblər. Bu gün də belə adamlar var və bu təbiidir. Yenə deyirəm ki, hamının sədaqəti yoxlanmalıdır. YAP-a dövlətə, xalqa, Heydər Əliyev ideyalarına sədaqətli, İlham Əliyevin siyasi kursunu dəstəkləyən adamlar gəlməlidir. Onlar nəinki vəzifəli, əksinə siravi, adi adamlar olmalıdırlar. Ancaq vəzifəyə gələndən sonra partiyaya keçməməlidirlər. Elə gənclər var ki, universitetdə oxuduqları vaxtda,  təhsillərini bitirdikdə məmuniyyətlə YAP sıralarına qoşulurlar. Belə insanları da yoxlamaq lazımdır ki, onun keçmişi nədir, nəsli-kökü kimdi... Bəzən təəssüf ki, bir ailədə beş nəfər hərəsi bir partiyanın üzvü olur. Biri də deyir ki, YAP-ın üzvü olmalıyam. İnsanlar sınaqdan keçirilməlidir. Onların dünyagörüşü, savadı və ilk növbədə əməli yoxlanılmalıdır. 

Son zamanlar bu istiqamətdə çox ciddi işlər gedir. Partiyanın son qurultaydan sonra sıraları xeyli təmizləndi. İndi partiyaya keçənlər çox ciddi sınaq qarşısındadırlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?