Cinsi həyat insanın psixoloji və fiziki rifahının ayrılmaz hissəsidir. Elmi araşdırmalar göstərir ki, sağlam intim münasibətlər təkcə sevgi və yaxınlıq ifadəsi deyil, həm də insanın emosional vəziyyətinə, özünəinamına, gündəlik davranışına ciddi təsir edən faktordur.
Buna baxmayaraq, müasir dövrdə insanların əksəriyyəti artan stres, narahatlıq, yuxu pozuntuları və depressiya kimi çətinliklərlə üzləşir. Bu problemlər həm cinsi istəyə, həm də intim münasibətlərin keyfiyyətinə mənfi təsir göstərir.
Digər tərəfdən, cəmiyyətdə geniş yayılmış bir fikir var: “Stresi atmağın ən yaxşı yolu cinsi əlaqədir”. Bir çoxları düşünür ki, emosional gərginlik və psixoloji yüklənmə zamanı yaxınlıq insanı sakitləşdirə, onu neqativ düşüncələrdən uzaqlaşdıra bilər.
Amma bu, həqiqətən belədir? Stress və depressiya içində olan insan üçün cinsi əlaqə müsbət təsir göstərə bilərmi, yoxsa əksinə daha da ağır nəticələr doğura bilər?
Mövzu ilə əlaqədar Modern.az-a danışan seksoloq Tahmasib Cavadzadə bildirib ki, stress atmaq üçün intim münasibət qurmaq düzgün deyil:
“Seks həzz üçün olmalı və düzgün formalaşmalıdır. Normalda stressli olduqda seks istəyi azalır və ya tam itir. Çünki seks və intim münasibət rahat vəziyyətdə daha yaxşı olur.
Depressiya zamanı isə ümumiyyətlə, cinsi əlaqə istəyi olmur. İstisnasız şəkildə depressiya seks istəyini öldürür. Təbii ki depressiya vəziyyətində cinsi əlaqə olmur. Belə olan halda ya anti-depresant qəbul etmək və ya psixoterapiya, yaxud seksterapiya alınmalıdır. İnsan depressiyadan özü çıxmaq istəsə, gərək stress səbəblərini aradan qaldırsın. Təbii ki, bu zaman ən düzgün yol psixoterapiya və ya seksterapiyadır. Məsuliyyətdən qaçan və üzərində işləməkdən çəkinən insanlar asan yolu seçib anti-depresant qəbul edir”.