Bu gündən 2 qadın avtobus sürücüsü vəzifələrinin icrasına başlayıb. Onlar 140 və 141 E avtobuslarında çalışacaqlar.
Modern.az xəbər verir ki, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.
Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.
Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib.
Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanıblar.
İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.
Xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələlərı uğurla tamamladıqdan sonra onlar “BakuBus” MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.
İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.
Noyabrın 24-dən isə xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar. İlk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.(Mənbə Trend)