Modern.az

Zəngəzur dəhlizinin açılması dövrün tələbidir

Zəngəzur dəhlizinin açılması dövrün tələbidir

Aktual

24 Noyabr 2025, 17:00

Azərbaycan Orta Dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttini açmaqla Avropa bazarlarına birbaşa çıxış əldə etmiş, Asiyadan gələn yüklərin böyük hissəsinin  Azərbaycan üzərindən Avropaya daşınmasına imkan yaratmışdı. Orta Dəhliz layihəsi geostrateji reallıqlar baxımından Avropa ilə Asiya qitələrini birləşdirən ən qısa, təhlükəsiz, ucuz və rahat quru nəqliyyat marşrutdur. 

Zəngəzur dəhlizi xətti də Orta Dəhlizin ayrılmaz parçasıdır. Zəngəzur dəhlizi Çindən başlayaraq Mərkəzi Asiyanı Xəzər regionu, Azərbaycan, Ermənistan, Azərbaycanın dilbər guşəsi Naxçıvandan Türkiyəyə keçməklə Avropa ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik geniş dəmiryol şəbəkəli dəhlizə çevriləcək. Bu dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları bir-biri ilə birləşdirəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq, Orta Asiya Türk dövlətlərini və Azərbaycanı uzun illərdən sonra quru yolla strateji və iqtisadi baxımdan Türkiyə Respublikası ilə əlaqə yaradacaq. O, bütün regional ticarətə müsbət təsir edəcək, Çindən başlayıb Böyük Britaniyaya, Pekindən başlayıb Londona kimi onlarla  dövlət arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcəkdir.

Dünya ticarətinin təxminən 80%-i su nəqliyyatı vasitələri ilə daşınır. Çindən Avropaya daşınan yüklər okeanlar vasitəsilə iki aya, bugünkü siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə bir aya, 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu (bəzən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də deyilir) vasitəsi ilə isə 12-14 günə ünvanına çatdırılır. 

 Zəngəzur dəhlizi Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək, şaxələndirilməsi baxımından  Orta Dəhlizə yeni nəfəs verəcəkdir. 

Bütün dünya yaxşı bilir ki, Ermənistan dövləti 1920-ci ildə Azərbaycan torpaqları əsasında yaradılmışdı. Qədim doğma torpaqlarımıza - Zəngəzura, Göyçəyə, İrəvana qayıdış Zəngəzur dəhlizi acıldıqdan sonra qısa vaxtda Prezident İlham Əliyev dediyi kimi  “... əlbəttə ki, qayıdacağıq, tanklarla yox maşınlarla” mümkün olacaqdır.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi hələ 1970-1980-ci illərdə, Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Meğridən keçməsi planlaşdırılan  Naxçıvan-Bakı avtomobil yolu Nüvədi kəndinə kimi (434 km) cəkilərək, o dövrdə ermənilərin ciddi narazılığı ilə qarşılanaraq davam etdirilməsinə icazə verilməsə də, bu gün reallığa çevrilir. 

10 Yanvar 2023-cü ildə “Zəngəzur dəhlizi strateji layihədir” deyən Azərbaycan Prezidenti İlham Əliyev mühüm mesajlar verdi. Azərbaycan Prezidenti vurğulayırdı  ki, Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir: “Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”. Azərbaycan Prezidenti  İlham Əliyevin “Mən nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm” dəyərli kəlamları bu gün öz həllini tapır.

Qısa müddətdə Zəngəzur dəhlizinin Azərbaycanın Ağbənd qəsəbəsindən İran İslam Respublikasına keçən iki xətdən ibarət çəkiləcək dəmir yolu xətti ilə (Araz dəhlizi), həm də Qərbi Zəngəzurun Mığrı rayonunun ərazisindən keçəcək dəmir yolu (Tramp dəhlizi -TRIPP marşrutu) ilə daşınan yüklərin miqdarı 15 milyon tona, gələcəkdə isə 25 milyon tona çatdırılacağı proqnozlaşdırılır. Məhz bu baxımdan həm ABŞ, həm də Avropa Orta Dəhlizin İkinci qolu olan Zəngəzur dəhlizinin  açılmasında çox maraqlıdır.

Bu ayihələr yalnız iqtisadi qazanc deyil, həm də Azərbaycanı regional diplomatiyanın mərkəzinə çevirir. 

İsmayıl Əliyev,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
 

Sizə yeni x var
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı