Modern.az

Göyçayda yazıçı-dramaturq Əli Səmədlinin 95 illiyi qeyd edilib

Göyçayda yazıçı-dramaturq Əli Səmədlinin 95 illiyi qeyd edilib

Aktual

25 Noyabr 2025, 09:30

Noyabrın 22-də Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nəzdində fəaliyyət göstərən Arvan kitabxanasında uşaq yazıçısı-dramaturqu Əli Səmədlinin 95 illik yubileyi və yazıçının öz şəxsi vəsaiti ilə açdığı Arvan kitabxanasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Göyçay rayonunun ziyalıları, şair Şəmsiyyə Qaramanlı, "Göyçay" qəzetinin redaktoru Adil Məmməd, İctimai televiziyanın və AZƏRTAC Dövlət İnformasiya Agentliyinin müxbiri Rəşad Rəşadov, şair Əli Kərimin bacısı oğlu Vaqif Mehdiyev, rəssam Ehtiram Kərimov, yazıçının övladları və başqaları iştirak edib.

Arvan kitabxanasının müdiri  Mehriban Məmmədova tədbiri açaraq qonaqları salamladıqdan sonra Əli Səmədlinin həyat və yaradıcılığından və ,,Arvan" kitabxanasının fəaliyyətindən danışaraq  bildirib ki,  Əli Səmədli 1930-cu il sentyabrın 1-də Göyçay rayonun Mallı-Şıxlı kəndində müəllim ailəsində anadan olub. O, 1948-ci ildə Göyçayda orta təhsilini başa vurub, Bakı şəhərinə gələrək İncəsənət İnstitunun teatrşünaslıq fakültəsinə daxil olub. Mədəniyyət Nazirliyində, İncəsənət Universitetində və uşaq mətbuatında çalışıb.

Göyçayda "Arvan" adlı kitabxana-muzey açaraq öz şəxsi kitabxanasını,  tarixi-etnoqrafik əşyalarını, rəssamlıq və heykəltaraşlıq əsərlərini uşaqlara hədiyyə edib. Əli Səmədli 55 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərib.O, 40 yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən çox xarici dilə tərcümə edilib. “Artıq tamah baş yarar” nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.

Tədbirdə çıxış edən şair-publisist Adil Məmməd, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Rafiq Abdullayev, şair və dil-ədəbiyyat müəllimi Şəmsiyyə Qaramanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixçi Aqil Kəngərli Əli Səmədli haqqında xatirələrindən və kitabxananın bir-birindən maraqlı tədbirlərindən danışıb.
Tədbirdə həmçinin şairin, "Heç bilməzdim",  "Analar oğul doğun", "İkimiz bir nağıl olaydıq", "Ana və bala" şeirləri oxundu.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!