“Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Tarixi Zədərimizin beş ilinin fonunda sentyabrın 27-dən başlayaraq qeyd etdiyimiz şəhər günləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlığı, şücaəti bir daha nümayiş etdirir. 44 günün hər günü tariximizə Zəfər günləri kimi yazılıb. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi. Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi azadlığına qovuşdu. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Belə ki, Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə təqdim etdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbii gözəlliklərlə zəngin bölgələrindən biridir: “Bu ərazi təkcə mənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora və fauna növləri, şəfalı mineral suları, bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm də turizm potensialı baxımından mühüm əhəmiyyəti vardır. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb”.
Malik Həsənov vurğulayıb ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: “İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, yüzlərlə inzibati bina, minlərlə mənzil dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Dövlət başçısı İlham Əliyev 25 noyabr 2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bütün bu reallıqları bir daha diqqətə çatdıraraq “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi” çağırışını etdi”.
Milli Məclisin deputatı bildirib ki, tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri nəticəsində digər azad edilmiş ərazilərimiz kimi Kəlbəcər də həyatının yeni dövrünə qədəm qoydu: “Kəlbəcər artıq öz daimi sakinlərini qarşılayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ilin 16 avqust tarixində Kəlbəcərə reallaşdırdıqları ilk səfər zamanı “Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə” söyləyən Müzəffər Ali Baş Komandan artıq bu ilin 21 avqust tarixində Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb onlara açarları təqdim etdi. Qısa müddətdə bu qayıdış görülən işlərin təqdimatı oldu”.
Malik Həsənov qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilib: “Şəhərin işğala qədərki son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Baş plana əsasən, şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Ümumilikdə 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikilir. Birinci mərhələdə buraya 201 ailə köçürülür. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlət başçısı İlham Əliyev bu ilin avqust ayında Kəlbəcər şəhərinə səfəri zamanı bura köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etmişdi. Ümumilikdə bu günədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışı ilə müşaiyət olunur”.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizin hər biri özünəməxsus iqtisadi potensiala malikdir. Bu baxımdan Kəlbəcər turizm imkanları ilə diqqətdədir. Kəlbəcər şəhəri hazırda dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.