Ermənistan mətbuatı erməni nümayəndə heyətinin noyabrın 21-22-də gerçəkləşən Bakı səfərindən yazamağa davam edir. "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində baş tutan bu səfərdə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan iştirak ediblər.
Modern.az xəbər verir ki, erməniləri Bakıda müşayiət etmiş Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Ermənistan nümayəndə heyətinin səfəri ilə bağlı bəzi detalları bölüşüb.
Fərhad Məmmədov deyir ki, nümayəndə heyətinə şəhərin tarixi və müasir məkanları göstərilib:
Nizami küçəsi, Xaqani parkı, Fəvvarələr meydanı, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Botanika bağı, Kukla Teatrı, Dənizkənarı bulvar və Kiçik Venesiya.
Növbəti gün onlar Ağ Şəhəri və Heydər Əliyev Mərkəzini gəziblər, oradakı daimi və müvəqqəti sərgilərinə baxıblar.
Fərhad Məmmədovun "Minval"a bildirdiyinə görə, mədəni proqram Ermənistan nümayəndə heyəti arasında böyük maraq doğurub və səfərin vacib tərkib hissəsinə çevrilib.
Onun sözlərinə görə, ermənistanlı QHT nümayəndələri Bakıdakı erməni kilsəsinə də baş çəkiblər.
"Ermənistan nümayəndə heyətinin son 10 ildə Bakıya səfər etmədiyini nəzərə alsaq, hər şey maraq doğurdu. Onlar kilsənin dövlət tərəfindən erməni kilsəsi kimi qorunduğunu gördülər”.
Ermənilərə Bakıdakı kilsədə saxlanılan Prezident kitabxanasının kitab fondu - erməni dilindəki təxminən 5000 kitab da göstərilib.
Ekskursiyanı İrəvanda anadan olmuş və erməni dilində sərbəst danışan kitabxana mütəxəssisi Jalə Qurbanlı aparıb.
Bakıdakı gəzinti zamanı maraqlı bir hadisə baş verib: erməni nümayəndə heyətinin üzvlərini Bakının yaşlı nəslinin iki nümayəndəsi tanıyıb. Məlum olub ki, erməniləri tanıyan yaşlı azərbaycanlılardan biri əslən İrəvandandır. O, Boris Navasardyan və yoldaşları ilə erməni dilində danışıb, vaxtilə İrəvanda yaşadığı məhəlləni xəbər alıb.

F.Məmmədov xatırladıb ki, Ermənistan nümayəndə heyətinin üzvü Boris Navasardyan müharibədən əvvəl Bakıda olub, müxtəlif forum və tədbirlərdə iştirak edib, lakin nümayəndə heyətinin qalan üzvləri ilk dəfə Azərbaycana gəliblər.
Səfər çərçivəsində Bakıda 3 müzakirə sessiyası keçirilib. Ümumilikdə 7–8 saat davam edən görüşlərin ən mühümlərindən biri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüş olub.
Tərəflər Vaşinqtonda 8 avqust tarixində qəbul olunmuş Birgə Bəyanat əsasında müəyyənləşdirilmiş sülh gündəliyinə uyğun olaraq növbəti altı ay ərzində həyata keçirilə biləcək addımları müzakirə ediblər.
“Hazırda tədbirlər təqvimi formalaşdırılır. Proses ikitərəflidir, ona görə də görüşlər həm Bakıda, həm də İrəvanda keçiriləcək”, - deyə Fərhad Məmmədov bildirib.
Məmmədov deyir ki, Bakıda qonaqlara milli mətbəximizin müxtəlif nümunələri təqdim olunub: quzu ətindən hazırlanan yeməklər, şirniyyatlar və dolma.
“Heç bir mübahisə olmadı - nə "dolma kimindir?", nə də digər yeməklərlə bağlı iddia. Biz artıq bu səviyyəni keçmişik. Eyni vəziyyəti İrəvanda da yaşadıq”.
Onun sözlərinə görə, ölkələrin mətbəxi bənzəsə də, müəyyən fərqlər mövcuddur: “Bizdə əsasən quzu əti istifadə olunur, onlarda isə daha çox mal və donuz əti.”
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti "Sülh Körpüsü" təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib.
A.Qorxmaz