Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
Lakin məsələ bununla yekunlaşmır. Paytaxtın xüsusilə tarixi və turistik ərazilərində SSRİ rəmzli, sovet emblemli papaqların açıq şəkildə satılması ciddi suallar yaradıb.
Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə vətəndaşlar bildirir ki, əgər sovet bayrağının nümayişi qanun pozuntusu hesab olunursa, eyni rəmzləri daşıyan papaqların satılması və onların istifadəsi də hüquqi baxımdan risk yarada bilər.
Müzakirələrdə ən çox səslənən fikir belədir: “Əgər bu papaqları alan və taxan şəxslər sovet ideologiyasını təbliğ etmiş sayılarsa, onda onların da saxlanılma ehtimalı var?”
Mütəxəssislər bildirir ki, SSRİ atributları uzun illərdir turist suveniri kimi satılır. Lakin son hadisələrdən sonra bu satışın hüquqi və ictimai tərəfləri yenidən gündəmə gəlib. Vətəndaşların bir çoxu hesab edir ki, bu kimi məhsulların satışı ilə bağlı aydın hüquqi mexanizm olmalıdır ki, insanlar bilmədən qanunu pozmuş vəziyyətə düşməsin.
Turistik mağazalarda sovet simvollarının satışının davam etməsi ilə SSRİ bayrağı açan şəxslərin həbs olunması arasındakı ziddiyyət isə geniş ictimai rezonans doğurub. Məsələyə yaxın günlərdə rəsmi qurumların daha dəqiq açıqlama verəcəyi gözlənilir.
Serdar Şengül