Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının təsis konfransında Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov platformanın Baş katibi seçilib.
Modern.az platforma ilə bağlı detallı məlumatlar əldə etmək məqsədilə Azər Allahverənovla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında deputat Azər Allahverənov bildirib ki, TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında belə bir institusional yeniliyin baş verməsi günün tələbidir:
“Bu yeni strukturdur. Və ümumiyyətlə Türk dünyası üçün çox önəmli bir qərar verildi. Çünki sözün əsl mənasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri arasında belə bir institusional yeniliyin baş verməsi günün tələbidir. Biz TDT-nin müxtəlif formatlarına nəzər saldıqda təqribən 34 platforma üzərindən əməkdaşlığın geniş vüsət aldığını görə bilərik. TDT-nin institusional inkişafını, həm də onun siyasi, o cümlədən strateji əhəmiyyətini artıracaq fəaliyyətələr həmin platformalar üzərindən sərgilənməkdədir. Yalnız QHT-lər səviyyəsində əlaqələr bir qədər zəif idi. Amma ikitərəfli, üçtərəfli münasibətlər kifayət qədər çox idi. Azərbaycan-Özbəkistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan QHT-ləri arasında çoxsaylı əməkdaşlıqlar var. Əməkdaşlıq forumları keçirilib. Hətta Özbəkistanla bizim iki əməkdaşlıq forumumuz baş tutub. Yaxın vaxtlarda Azərbaycan-Qazaxıstan, Azərbaycan-Türkiyə forumlarının keçirilməsi də nəzərdə tutulur”.
A.Allahverənov vurğulayıb ki, QHT-ləri özündə birləşdirəcək bir platormanın yaradılması və onun katibliyinin Bakıda yerləşməsi tarixi hadisədir:
“Qərarın Naxçıvanda elan edilməsi isə onun əhəmiyyətini ikiqat artırır. Çünki 2009-cu ildə məhz Naxçıvanda TDT-nin yaradılması barədə qərar qəbul edilmişdi. Nəticə etibarilə, bu, QHT-lər üzərindən bir başlanğıcdır. Və hələ strukturlar, əlaqələndirmə işləri, digər məsələlər üzərində işlər aparılır. Burada qərar qəbul edilib ki, katiblik Bakıda yerləşsin. Platformanın fəaliyyətinin qurulması və geniş səpkidə təşkil olunması məsələləri bundan sonra atılacaq addımlarla şərtlənəcək. Burada bütün türk dövlətlərini əhatə edəcək fəaliyyətlərin məhz vətəndaş cəmiyyətləri üzərindən inkişaf etdirilməsi, onların konseptual şəkildə təkmil qurulması, əlaqələr üzərindən təcrübə mübadilələrinin həyata keçirilməsi, təlimlərin, kifayət qədər geniş spektrdə fəaliyyətlərin koordinasiya olunması təşkil olunacaq. TDT-nin qəbul etdiyi qərarlarda ictimai diplomatiya ilə bağlı olan vacib komponentlər var ki, həmin komponentlərin icra olunması bilavasitə platforma üzrə həyata keçiriləcək. Nəticə etibarilə platformanın fəaliyyət planı TDT-nin qəbul etdiyi qərarlar əsasında müəyyən ediləcək. Katibliyin hər bir ölkə üzrə müəyyən edilən əlaqəli şəxsləri var. Həmin əlaqəli şəxslər üzərindən də katiblik öz fəaliyyətini təşkil edəcək. 1 ay ərzində bizə buna dair məlumat veriləcək. Bundan sonrakı mərhələdə fəaliyyət planının tərtib olunması və digər işlərlə bağlı zəruri addımlar atılacaq. Bir məsləni də deyim ki, Türk Dövlətləri Təşkilatında hazırda sədrlik Azərbaycana məxsusdur. Bu səbəbdən Baş katib məhz Azərbaycandan seçilib. Gələcəkdə Türk Dövlətləri Təşkilatına sədrlik rotasiya əsasında dəyişdikdə, eyni qaydada QHT platformasının Baş katibi də dəyişdiriləcək. Amma önəmli olan odur ki, Türk Dövlətləri Təşkiltına üzv dövlətlərin Qeyri-Hökumət Təşkilatlarının platformasının katibliyi Bakıda yerləşəcək. Düşünürəm ki, bu bizim QHT-lərimizin inkişafına böyük təsir edəcək prosesdir. Arzu edirik ki, dövlətimiz, Türk dünyası üçün xeyirli-uğurlu iş olsun”.
Qeyd edək ki, noyabrın 24-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun açılışı olub. Tədbir 26 noyabrda Naxçıvanda başa çatıb. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan olan QHT nümayəndələri iştirak ediblər.