Noyabrın 28-də Xankəndidə “ANİMAFİLM Xankəndidə” adlı animasiya festivalı keçirilib. Tədbir Xankəndi 1 nömrəli körpələr evi–uşaq bağçasında baş tutub.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Azərbaycan Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən festival çərçivəsində uşaqlar üçün animasiya film nümayişləri, interaktiv görüşlər və yaradıcılıq fəaliyyətləri təşkil olunub.
Tədbirin xüsusi qonağı Əməkdar mədəniyyət işçisi, tanınmış animasiya rejissoru və rəssam Elçin Hami Axundov Azərbaycan animasiyasının inkişaf istiqamətləri, yaradıcı proseslər və gələcək layihələr barədə danışaraq, uşaqlarla interaktiv müzakirələr aparıb.
Təşkilatçı Azərbaycan Animasiya Assosiasiyasının sədri, Rəşid Ağamalıyev bildirib ki, festivalın əsas məqsədi bölgədə uşaqların yaradıcı inkişafını dəstəkləmək, animasiya mədəniyyətini təbliğ etmək və mədəni həyatın canlandırılmasına töhfə verməkdir.