Malayziyanın dövlət və özəl universitetlərindən nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.
Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev ali məktəbin maddi- texniki bazası, tədris proqramları haqqında ətraflı məlumat verib.
Bildirib ki, mühəndislik sahələri dünyada iqtisadi inkişafın, texnoloji tərəqqinin və innovativ həllərin əsasını təşkil edir. Bu baxımdan mühəndislik istiqamətləri BMU üçün xüsusi prioritetlik daşıyır və universitet bu sahələrdə peşəkar, müasir bilik və bacarıqlara malik kadrların yetişdirilməsini özünün əsas strateji məqsədlərindən biri kimi müəyyənləşdirib.
Rektor, həmçinin BMU- nun xarici universitetlərlə həyata keçirdiyi ikili diplom proqramlarından danışaraq, beynəlxalq əlaqələrin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. Universitetin “QS-2026” qlobal reytinqində ilk minlikdə yer tutan 5 Azərbaycan ali məktəbindən biri olduğunu diqqətə çatdıran Yaqub Piriyev BMU-da son illər həyata keçirilən islahatların, tətbiq olunan elmi yeniliklərin, innovasiya yönümlü fəaliyyətin artırılmasının ali məktəbin ikişafına müsbət təsir göstərdiyini vurğulayıb.
Rektor Malayziyanın aparıcı universitetləri ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını deyərək bu səfərin tərəfdaşlığın genişlənməsinə və yeni birgə layihələrin formalaşmasına töhfə verəcəyinə inamını dilə gətirib.
Sonra Malayziyanın Putra, Taylors, SEGi universitetlərinin, həmçinin ölkənin böyük təhsil şəbəkəsi olan “Sunway Education Group”un nümayəndələri çıxış ediblər. Çıxışlarda universitetlərin tədris və tədqiqat istiqamətləri, beynəlxalq əməkdaşlıqları barədə məlumatlar təqdim olunub.
Görüşdə BMU ilə Malayziya universitetləri arasında birgə tədris proqramları, elmi tədqiqat layihələri və akademik mübadilələrin inkişaf etdirilməsi imkanları geniş müzakirə edilib, müvafiq razılaşmalar əldə olunub. Həmçinin müəllim-tələbə mübadiləsi, beynəlxalq layihələr və mühəndislik sahəsində birgə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar BMU-nun kampusu və laboratoriyaları ilə tanış olublar.