Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop Gəncə Dövlət Universitetində təhsil alan türk tələbələrlə görüş keçiriblər.
Modern.az xəbər verir ki, görüşdə deputat, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə qonaqları salamlayaraq, universitetin maddi-texniki bazası, Türkiyənin ali təhsil müəssisələri ilə olan əlaqələri və ikili diplom proqramı haqqında ətraflı məlumat verib. Pərvin Kərimzadə Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini və onların daim qayğı ilə əhatə olunduğunu söyləyib.
Recep Öztop çıxışında Azərbaycan və Türkiyə arasında təhsil sahəsindəki sıx əlaqələrdən və bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan GDU-da təhsil alan türkiyəli tələbələrin təhsili və digər məsələlərlə bağlı yaxından maraqlanıb, onlara uğurlar arzulayıb və gəncləri maraqlandıran suallara aydınlıq gətirib.
GDU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov universitetdə əcnəbi tələbələrin təhsil alması üçün yaradılan şərait və onlarla mütəmadi keçirilən görüşlər haqqında məlumat verib.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan iki ölkə arasındakı təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səfirlik olaraq hər zaman dəstək verməyə hazır olduqlarını bildirib.