İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır.
Bu barədə Modern.az-a İRİA-dan bildirilib.
Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.
Belə ki, “Plug and Play” ilə başladılan əməkdaşlıq iki istiqamətdə reallaşdırılacaq. Startapların spesifik sektorlar üçün texnoloji həllər təklif etdiyi platforma təsis ediləcək, bundan əlavə Silikon vadisində baş tutacaq “Plug and Play” Sammiti ilə yekunlaşan hibrid proqram yaradılacaq.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov əməkdaşlığın ekosistem üçün yeni imkanlar yaradacağını bildirib: “İRİA-nın “Plug and Play” ilə əməkdaşlığı çərçivəsində startaplar qlobal ekosistemin imkanlarına daha geniş çıxış əldə edə biləcəklər. Bura investor şəbəkəsi, akselerasiya və mentor dəstəyi proqramları daxildir”.
Qeyd edək ki, “Plug and Play” qlobal miqyasda 60-dan çox məkanda, 550-dən artıq korporativ və dövlət sektorunda olan tərəfdaşlarla fəaliyyət göstərir. Platformanın innovasiya fəaliyyəti 25-dən çox sənaye sahəsini əhatə edir.