Respublikamızda tibbi xidmətin təşkili və idarə edilməsi ilə bağlı ciddi islahatlar aparılır. Səhiyyədə idarəetmənin, maliyyələşmənin və dərman təchizatının modellərinin hazırlanması yeni yanaşma tələb edir. Qloballaşan dünyamızda səhiyyənin inkişafını nəzərə alaraq, robotik tibbi texnologiyaların tətbiqi və yeni dərman vasitələrinin meydana gəlməsi səhiyyəmizin daha çevik olmasını zəruri edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Əczaçılıq sahəsinin tənzimlənməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”na görə həyati vacib ambulator dərman vasitələrinin ödənişsiz qaydada verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti 2025-ci il 23 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası”na əsasən elektron resept vasitəsilə tənzimlənəcək.
Ölkə başçısı cənab İlham Əliyev bu yaxınlarda növbəti dəfə dərman vasitələrinin istehsalının şaxələndirilməsi məqsədilə “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsal edən dərman zavodunun açılışını edib.
İcbari tibbi sığortanın tətbiq olunması nəticəsində, əhalinin tibbi xidmətlərə artan tələbatların ödənilməsi, vətəndaş məmnunluğu və pulsuz dərman vasitələrinə əlçatanlığının təmin edilməsi istiqamətində xeyli müsbət işlər görülmüşdü. Əvvəlki dövrlərlə müqayisədə, artıq vətəndaş tibbi xidmətə ehtiyac olduğu halda ən azından dövlət tibb müəssisəsinə müraciət etməklə məsələni həll etmiş olur. Ancaq regionlarımızda vəziyyət bir qədər fərqlidi, ciddi kadr çatışmazlığı və dövlət tibb müəssisələrin çoxunun yararsız halda olması bu sahənin ən ağrılı yerlərindən biridir. Həmdə ki, ölkəmizdə dərman vasitələrinin tariflərinin tənzimlənməsi, dərman vasitələrinin idxaldan asılı olması, ödənişsiz ambulator və stasionar dərman təminatında problemlər yaradır.
Təkliflər..
Təklif edərdim ki, yeni məzun olan həkimlərin regionlara göndərilməsinin stimullaşdırmaq ücün onların sosial həyat şəraitinin yaxşılaşdırılması və maddi imkanlarının gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanardı.
Dövlət xətti ilə xaricə tibbi təhsilə göndərilən həkimlər qayıtdiqdan sonra ən azı 5 illik müqavilə əsasında dövlət tibb müəssisəsində çalışması təmin olunardı.
Bakı şəhərində uzun müddət çalışan müəyyən orta nəsil həkimlərimiz var ki, bəlkədə coxdan arzulayirlar ki, öz regionlarında mümkün maddi şərtlər çərcivəsində həkim kimi fəaliyyətlərini davam etdirsinlər.
İndiki vəziyyətdə yararsız dövlət tibbi müəssisələri bərpa etmək və həkim kadrları cəlb etmək xeyli zaman alacağını nəzərə alıb, müştərək maliyyələşmə və ya şərti kompensasiya məbləği nəzərə alınmaqla müəyyən tariflər təklif edilməklə müqavilə əsasında regionlarda hazır vəziyyətdə olan özəl klinikaların tibbi resurs və texniki imkanlardan istifadə etməklə hazırki vəziyyəti yüngülləşdirmək olar. Dərman istehsalını stimullaşdırmaq üçün yerli və əcnəbi investorlara müəyyən vergi azadolmaları və uzun müddətli sərfəli lizinq şərtləri tətbiq olunardı.
Dərman vasitələrinin qiymətləri tənzimlənərkən dünya əczaçılıq bazarının real iqtisadi əsasları çərçivəsində hər il inflyasiya nəzərə alınmaqla tariflərin hesablanması məqsədə uyğun olardı.
Ölkəmizdə dərman vasitələrinin xammal tədarükünün mərkəzi yaranardı, yalnız dərman vasitələrinin qablaşdırması ilə deyil tam mənada dərman istehsalı olardı.
Beləliklə..
Regionlarda vətəndaşlar həkim çatışmazlığı ilə üzləşməyəcək, həm müvəqqəti olaraq regionlarda hökümət tibb müəssisələrinə böyük vəsaitlərin ayrılması üçün zaman əldə edəcək, həmdə ki, özəl tibb müəssisələri öz məsrəflərini bu yolla qarşılayıb iqtisadiyyatımıza töhvə verəcəklər.
Bu əlbəttə ki, ilk baxışdan asan olmasada, hesab edirəm ki, həkimlərimizi regionlara işləməyə təşviq edə bilsək problemin həllinə nail ola bilərik.
Xaricə tibbi təhsilə göndərilən və geri qayıdan yüksək ixtisaslı həkimlər dövlət tibb müəssisələrində çalışacaq.
Ödənişsiz stasionar və ambulator dərman təminatında problemlər həll olunacaq, idxaldan dərman asılılığımız azalacaq.
Gələcəkdə səhiyyə siyasətimizdə bu faktorların ən əsas prioritet olacağına əminəm və hesab edirəm ki, bu sahədə ciddi addımlar atılacaqdır.
Nicat Xəlilov
Əczaçılıq elmləri üzrə fəlsəfə doktoru,
Səhiyyə eksperti