Zəngin flora və faunası ilə diqqət çəkən Laçın dağlarında nadir hallarda rast gəlinən Saqqallı kərkəs görünüb.
Modern.az xəbər verir ki, bu yırtıcı quş Azərbaycanda əsasən dağlıq ərazilərdə yaşayır.
Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov AZƏRTAC-a deyib ki, Saqqallı kərkəs Azərbaycan ərazisində Böyük Qafqazda və Kiçik Qafqazda yayılıb və yuvalayır: “Bu quşu 500 metrdən aşağıda nadir hallarda görmək olur. Saqqallı kərkəs heyvan leşi ilə yemlənir. Həmin ərazilərdə soyuq iqlimdə ölmüş heyvan leşləri uzun müddət qalır. Əsasən sümüyün ilik hissəsini yeyir. Buna görə də ölmüş heyvanların sümüyünü qaldıraraq yüksəklikdən atır yerə. Sümük parçalandıqdan sonra onun ilik hissəsini yeyir və sümüklərini udur. Bu quşların mədəsi sümüyü həzm etmək, ölmüş heyvanın leşini həzm etmək qabiliyyətinə malikdir”.
Qeyd edək ki, uzunluğu 95-125 santimetr arasında dəyişən quşun qanadları açılan zaman 3 metrə qədər çata bilir. Çəkisi isə 4,5-7,5 kiloqram arasında dəyişir. Sıldırım qayalarda yuva qurur, yumurtlama dövrü qışın əvvəlində olur. Özünəməxsusluğuna görə Azərbaycanın ən qiymətli yırtıcı quşlarından biri sayılır, ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib.
Toğlugötürən adı ilə də tanınan Saqqallı kərkəsin şəkli 1994-cü ildə Azərbaycanda buraxılan poçt markasının üzərində yer alıb.(Mənbə AzərTac)