Gəncə Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib. Rektorun baş müşaviri, dosent Asif Cavadov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırıldı.
Modern.az xəbər verir ki, tədbirdə iştirak edən hüquq elmləri doktoru, professor İbrahim Quliyev bildirib ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb və öz ideallarına həmişə sadiq qalıb. Professor İbrahim Quliyev onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran hədəflərə doğru inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır, işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat gəlir, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.
İbrahim Quliyev çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən ətraflı danışıb.