Teleaparıcı Nərmin Salmanova Bakı Metropoliteni ilə əməkdaşlıq barədə xəbərləri təkzib edib, razılaşmanın məvacibin dəyişdirilməsi səbəbilə pozulduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.
Aparıcı qeyd edib ki, televiziya fəaliyyətindən ayrılması Metropolitenin təklifi və yeni sahədə özünü sınamaq istəyi ilə bağlı idi.
Onun sözlərinə görə, danışıqlarda ilkin əməkhaqqı məbləği razılaşdırılsa da, müqavilədə əvvəlkilə uyğun olmayan, fərqli məbləğ göstərilib və buna görə əməkdaşlıq baş tutmayıb.
"Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi", - aparıcı bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Nərmin Salmanovanın Bakı Metropoliteninə mətbuat katibi təyin olunması ilə bağlı xəbər yayılıb.