Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) və Ermənistanla Azərbaycan arasında davamlı sülhün açdığı yeni imkanlarda maraqlıdır.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat ofisi Azərbaycanın Mərkəzi Asiya ölkələri-ABŞ əməkdaşlığı formatında (C5+1) iştirakı imkanları ilə bağlı bildirib.
Açıqlamada bu yaxınlarda C5+1 regional diplomatik platformasının 10 illik yubileyinin qeyd olunduğu vurğulanıb.
“Vaşinqtonda keçirilən C5+1 görüşləri zamanı biz Ermənistan ilə Azərbaycanın regional əməkdaşlıq, rifah üçün imkanları genişləndirmək səylərini vurğuladıq. Bu imkanları maksimum dərəcədə artırmaq üçün birlikdə işləmək niyyətindəyik”, - deyə açıqlamada qeyd olunur.