İşğaldan azad edilmiş ərazilərin sürətli iqtisadi yüksəlişi bu gün Azərbaycanın milli inkişaf strategiyasının mərkəzi xəttini təşkil edir. 2021-2025-ci illəri əhatə edən bərpa mərhələsində dövlət bölgənin dirçəlişini yalnız infrastrukturun qurulması ilə məhdudlaşdırmayıb, paralel olaraq iqtisadi, sosial və institusional sahələrdə sistemli reabilitasiya həyata keçirib. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Bu kompleks yanaşma “Böyük Qayıdış” siyasətinin real iqtisadi təməlinin formalaşmasına imkan yaradıb.
Əlaqələndirmə Qərargahı: 5 illik fəaliyyətin mühüm nəticələri

Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının qarşısında duran əsas vəzifələrdən biri bölgənin iqtisadiyyatın yenidən dirçəldilməsi, infrastrukturun yaradılması, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyası idi.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik etdiyi Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti belə deməyə əsas verir ki, bu istiqamətdə çox ciddi və mühüm nəticələrə nail olunub.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” prosesin strateji konturlarını müəyyənləşdirərək regionun bərpası, dayanıqlı məskunlaşması və tam iqtisadi inteqrasiyası üçün yol xəritəsi rolunu oynayır. Proqramın əsas hədəfi azad edilmiş ərazilərin uzunmüddətli inkişafını təmin edən yeni iqtisadi strukturların qurulmasıdır.
Son beş ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti, modern infrastrukturun yaradılması, sənaye parklarının fəaliyyətə başlaması, aqrar klasterlərin formalaşması və yaşıl enerji layihələrinin genişlənməsi bu əraziləri Azərbaycanın ən böyük iqtisadi transformasiya zonasına çevirib. Burada formalaşan iqtisadi ekosistem artıq təkcə bölgənin deyil, bütövlükdə ölkənin inkişaf dinamikasına mühüm təsir göstərir.
Dövlət investisiyaları, özəl sektorun artan iştirakı, istehsal və logistika güclərinin genişlənməsi Qarabağ və Şərqi Zəngəzuru yeni iqtisadi lokomotivə çevirərək Azərbaycanın regional iqtisadi modelinin yenilənməsində aparıcı rol oynayır. Son beş ildə Azərbaycan minatəmizləmə, yenidənqurma, bərpa və reinteqrasiyanı işğaldan azad edilmiş ərazilərdə prioritetləşdirib.
Son beş ildə 6 şəhər, 2 qəsəbə və 22 kəndə əhalinin mərhələli şəkildə köçürülməsi nəticəsində bu gün artıq həmin bölgələrdə 62 mindən çox insan yaşayır, işləyir və təhsil alır.
2020-2021: İqtisadi fəaliyyətin başlanması, təməl infrastrukturun qurulması

Müharibənin başa çatması ilə Azərbaycanın qarşısında duran ilk iqtisadi vəzifə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və iqtisadi fəaliyyətə hazırlıq idi. 2020-2021-ci illər bu baxımdan baza dövrü kimi qiymətləndirilir. ANAMA və digər qurumlar tərəfindən minalardan təmizləmə prosesi iqtisadi layihələrin başlanmasına şərait yaratdı.
Regionlarda magistral yolların çəkilişi iqtisadiyyatın dirçəlməsi üçün əsas baza oldu. İlk olaraq çəkilən “Zəfər yolu” iş adamlarının, logistika şirkətlərinin və tikinti sektorunun əraziyə girişini təmin etdi. Bu infrastruktur real sektorun formalaşmasına şərait yaratmaqla yanaşı, iri investisiya axınının da əsasını qoydu.
Enerji təminatı da bu dövrdə aparılan iqtisadi işlərin təməl hissəsini təşkil etdi. “Füzuli”, “Şükürbəyli” və “Cəbrayıl” yarımstansiyalarının istifadəyə verilməsi nəticəsində regionun sənaye və tikinti fəaliyyətləri üçün enerji qıtlığı riski tam aradan qalxdı. Bu infrastruktur layihələri olmadan istehsal, aqrar fəaliyyət və sənaye parkları üzrə planların həyata keçirilməsi mümkün olmazdı.
2021-2022: İqtisadi zonaların formalaşması, sənaye infrastrukturlarının qurulması
İşğaldan azad edilən ərazilərin iqtisadi inkişafı üçün institusional baza 2021-2022-ci illərdə yaradıldı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının baş planlarının təsdiqi regionların sektorlar üzrə inkişaf xəritəsini müəyyənləşdirdi. Bu dövrdə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan ərazilərində sənaye və aqrar istehsal potensialını üzə çıxaracaq kompleks planlaşdırma aparıldı.
Ağdam Sənaye Parkının yaradılması bu mərhələnin ən mühüm iqtisadi hadisələrindən oldu. Parkın infrastrukturu - su, elektrik, qaz, yol, kommunikasiya - qısa müddətdə tamamlandı və investorlara təqdim edildi. Bu addım Azərbaycanda sənayenin yeni coğrafi mərkəzinin formalaşmasına zəmin yaratdı.
Nəqliyyat infrastrukturunda isə strateji əhəmiyyətə malik layihələr həyata keçirildi. Horadiz-Ağbənd dəmir yolunun tikintisi sürətləndirildi və layihə bölgəni gələcəkdə regional ticarət marşrutlarına bağlamağı hədəflədi. Zəngilan-Qubadlı-Laçın və Kəlbəcər-Laçın magistral yolları iqtisadi funksionallığı artıran əsas arteriyalara çevrildi.
Bu mərhələdə özəl investisiya mühiti də formalaşmağa başladı. Dövlət tərəfindən təqdim edilən vergi güzəştləri, sığorta mexanizmləri və investisiya təşviqi paketləri biznes subyektlərini iqtisadi zonalara cəlb etdi.
2022-2023: İstehsala keçid - sənaye parkları, aqroklasterlər və enerji iqtisadiyyatı
2022-2023-ci illər Qarabağ iqtisadiyyatının bərpadan real istehsal mərhələsinə keçidi kimi xarakterizə olunur. Bu dövrdə sənaye, kənd təsərrüfatı və enerji sahələrində strukturlaşma yarandı.
Sənaye parklarında aktivləşmə
Ağdam Sənaye Parkında ilk istehsal sahələrinin tikintisi başa çatdı. Tikinti materialları, beton məhsulları, mexaniki təmir, metal konstruksiyaları kimi fəaliyyətlər üzrə müəssisələrin açılmasına start verildi. Parkın tam formalaşması 5 minə qədər daimi iş yerinin yaradılmasını nəzərdə tutur.
Cəbrayıl və Zəngilan sənaye zonaları üzrə logistika və aqrar emal sahələri planlaşdırıldı. Cəbrayılın coğrafi mövqeyi, xüsusilə Horadiz-Ağbənd xəttinə yaxınlığı, onu Şərqi Zəngəzurun loqistika mərkəzinə çevirən əsas faktorlardan biridir.
Aqrar iqtisadiyyatın inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi

İşğaldan azad edilmiş ərazilərdə 2021-2025-ci illər ərzində aqrar idarəetmə, torpaq icarəsi və subsidiya mexanizmləri formalaşdırılıb, kənd təsərrüfatı fəaliyyəti bərpa olunub.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları münbit torpaq və əlverişli iqlim şəraiti ilə seçilir. Burada ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Kənd təsərrüfatı sektorunun bu bölgələrdə canlanması yerli əhalinin məşğulluğunun təmin olunması, regionların sosial-iqtisadi inkişafı və ölkə üzrə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının dayanıqlı inkişafı, məhsuldarlığın yüksəlməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətlərində ardıcıl işlər görülüb.
Müasir pivot suvarma sistemlərinə əsaslanan aqroparklar yaradılıb, yaylaq ərazilərində heyvandarlıq təsərrüfatlarının fəaliyyəti təmin olunub. Belə ki, Zəngilanın Ağalı kəndində 152 hektarlıq pivot suvarma sistemi və müasir aqropark pilot layihəsi fəaliyyət göstərir. Laçın və Kəlbəcər yaylaqlarına hər il minlərlə heyvandarlıq təsərrüfatı köçürülür.
Zəngilanda tətbiq edilən “Ağıllı Kənd” modeli kənd təsərrüfatında innovativ yanaşmanın başlanğıcını qoydu. Rəqəmsal suvarma, məhsuldarlıq monitorinqi və avtomatlaşdırılmış təsərrüfat sistemləri regionda aqrar iqtisadiyyatın xərclərini azaltdı, məhsuldarlığı isə artırdı.
Kənd təsərrüfatında formalaşan klasterlər ərzaq emalı müəssisələrinin və aqrotexniki xidmət sektorunun inkişafına şərait yaratdı.
2023-2024: İstehsal müəssisələrinin işə düşməsi, loqistika mərkəzlərinin formalaşması
2023-2024-cü illər Qarabağ iqtisadiyyatında dönüş ili hesab olunur. Bu dövrdə artıq yalnız infrastruktur deyil, konkret istehsal gücləri işə düşməyə başladı.
İşğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Belə ki, bu ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilib.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizinin fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur.
Ağdam və Cəbrayıl sənaye zonalarında aktiv istehsal

Ağdam Sənaye Parkında müxtəlif profilli müəssisələr fəaliyyətə başlayıb: beton məhsulları zavodları, asfalt istehsal sahələri, metal konstruksiya emalı, avtomobil təmir və texniki xidmət mərkəzləri. Bu müəssisələrin yaradılması regionda tikinti sektorunun öz-özünü təmin etməsini mümkün etdi və idxaldan asılılıq azaldı.
Cəbrayıl sənaye zonasında soyuducu, qablaşdırma və aqrar emal sahələrinin yaradılması Qarabağın ərzaq təminatı və ixrac potensialını genişləndirən addımlar oldu.
Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat xəritəsini yenidən formalaşır
İqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olan nəqliyyat infrastrukturunun qurulması bu illər ərzində əsas vəzifələrdən olub. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə beş il ərzində nəqliyyat sahəsində ağlasığmaz nəticələr əldə edilib.
Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib.
Avtomobil yolu infrastrukturu üzrə geniş miqyaslı işlər görülüb. Tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, 1-i qismən icra edilib. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb.
Dəmir yolu şəbəkəsinin bərpası istiqamətində görülən işlər, həqiqətən, heyrətamizdir. Xankəndi Dəmir Yolu Vağzal Kompleksinin təməli qoyulub, Ağdam-Xankəndi dəmiryolu xəttinin layihələndirmə işləri 73%, Horadiz-Ağbənd xətti 68% icra olunub, dəmir yollarının tikintisi ilə bağlı tikintisi planlaşdırılan 49 körpüdən 42-nin inşası başa çatıb.
Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün inşası, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı, Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd avtomobil və dəmir yollarının inşası, eləcə də müvafiq buraxılış məntəqəsinin tikintisi ilə bağlı planlaşdırılan işlər, o cümlədən gömrük nəzarətinin təşkilinə və infrastrukturun yaradılmasına dair görülən işlər Azərbaycanın hansı miqyasda layihələr həyata keçirməsinin bariz nümunəsidir.
Azərbaycan bu layihələrin icrası ilə həm də Şərlə Qərbin, Şimalla Cənubun nəqliyyat qovşağına çevrilməyin hazırlığını aparır.
2024-2025: Yaşıl iqtisadiyyat, regional ticarət və ixrac yönümlü inkişaf
Beşinci il Qarabağın iqtisadiyyatında yeni mərhələ - yaşıl enerji və ixrac yönümlü istehsal mərhələsi kimi xarakterizə olunur.
Yaşıl Enerji Zonası

2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan olundu. Bu status bölgədə alternativ enerji layihələrinin intensivləşməsini təmin etdi: Kəlbəcər və Laçında külək parkları üzrə beynəlxalq şirkətlərlə müqavilələr; Günəş və hidroenerji sistemlərinin kombinə edilmiş şəbəkəsi; Yaşıl enerjiyə əsaslanan sənaye müəssisələrinin yaradılması. Bu yanaşma Qarabağı gələcəkdə enerji ixracatçısına çevirəcək.
2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin 550 milyon kilovat saat enerjinin 1/3-i, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan 2/3 hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər ərazilərinin tələbatına yönəldilib. Nəticədə, 120 milyon kub metr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Qeyd edək ki, təkcə 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib.
İstehsal güclərinin genişlənməsi

Özəl sektorun fəallaşması nəticəsində bu illərdə ümumi investisiya həcmi yüz milyonlarla manat səviyyəsinə çatıb.
Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Rezident sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkı fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada, əsasən, tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ ayaqqabıların, havalandırma, yanğınsöndürmə və müxtəlif metal məmulatlarının, dəmir yolu avadanlıqlarının, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının və s. məhsulların istehsalı həyata keçirilir. İstehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir.
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon manata yaxın olan 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunda yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4 milyon manatlıq, həmçinin, bu ilin I yarısında 2,7 milyon manatlıq məhsul satışı edilib.
Kiçik və orta biznesin inkişafında yeni mərhələ

Kiçik və orta biznes (KOB) subyektlərinin dəstəklənməsi məqsədilə KOBİA-nın Laçın rayonunda “KOB dostu” (2024), Zəngilan (2022), Kəlbəcər (2025) və Füzulidə (2025) xidmət pəncələri (mövcud infrastrukturlarda), eləcə də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində “KOB evi” (2024) fəaliyyət göstərir. Bu xidmət infrastrukturu şəbəkəsi KOB-ların dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın göstərdiyi dəstək mexanizmləri barədə məlumat, məsləhət xidməti, əlaqələndirmə və s. dəstək və xidmətlər almasını təmin edir. "Şuşa KOB evi"ndə isə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər göstərilir.
Sahibkarların maliyyə çıxış imkanının artırılması istiqamətində təklif olunan yeni mexanizm çərçivəsində 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində 43 layihə üzrə 55,9 milyon manat kreditə 47,8 milyon manat zəmanət verilib. Eyni zamanda, sahibkarlıq subyektləri tərəfindən əldə olunmuş bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 3,8 milyon manat vəsait ödənilib.
Bununla yanaşı, müvəkkil kredit təşkilatlarından İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fonduna daxil olmuş müraciətlər əsasında indiyədək işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrə 45,6 milyon manat güzəştli kredit vəsaiti verilib.
Eyni zamanda, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə müvəkkil banklar tərəfindən 2022-2025-ci il tarixlərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 7 layihə üzrə 1,74 milyon manat məbləğində kredit verilib. Bu kreditlər üzrə Fond tərəfindən 587,5 min manat məbləğində zəmanət verilib. Kreditlər əsas etibarilə Ağdam, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində nəqliyyat və anbar təsərrüfatı, emal sənayesi və digər sahələrdə, o cümlədən yükdaşıma, texnika və avadanlıqlara təmir xidmətləri üzrə layihələrə ayrılıb.
Bu addımlar regionun iqtisadi müstəqilliyinin gücləndirilməsinə, sənaye məhsullarının daxili bazara çıxışını təmin etməyə xidmət edir.
İş yeri və investisiya göstəriciləri
Son beş ildə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bölgədə yeni məşğulluq bazasının formalaşmasına səbəb olub.
2023-cü ildən etibarən sənaye parkları və aqrar klasterlərin işə düşməsi ilə daimi iş yerlərinin sayı sürətlə artıb. Təkcə Ağdam Sənaye Parkında 938 daimi iş yeri yaradılıb, Cəbrayıl və Zəngilanda yeni aqrar-logistika müəssisələri fəaliyyətə başlayıb.
Rəsmi məlumatlara görə, 2024-cü ildə bölgədə 2 575 yeni iş yeri açılıb. Ötən il azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. 2023-cü illə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3% artıb.
Qarabağda 2030-cu ilə qədər 150 minə yaxın iş yerinin açılması proqnozlaşdırılır.
Qarabağ turizm mərkəzi kimi

Turizm sektoru iqtisadi reinteqrasiyanın mühüm komponentidir. 2021-ci ildən etibarən “Yolumuz Qarabağa” platforması vasitəsilə Şuşa və Suqovuşan istiqamətinə turist səfərləri təşkil edilib, sonradan bu xidmət həm əcnəbi turistlərin, həm də Laçın, Ağdam, Füzuli, Xankəndi və digər istiqamətlərə də əhatə olunması ilə genişləndirilib.
Bölgədə Suqovuşan, Daşaltı, Talış və İstisu ərazilərində turizm infrastrukturunun yaradılması, turizm informasiya mərkəzləri, parklar, mehmanxanalar və istirahət komplekslərinin inşası həyata keçirilib.
Turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində hotellər və konqres mərkəzləri bərpa və yenidən inşa olunaraq istifadəyə verilib.
Azərbaycanın yeni iqtisadi mərkəzi formalaşır
2020-2025 dövrü Qarabağ və Şərqi Zəngəzuru təkcə bərpa olunan ərazi yox, Azərbaycanın yeni iqtisadi güc mərkəzinə çevirib. Sənaye parklarının işə düşməsi, aqrar klasterlərin genişlənməsi, yaşıl enerji layihələrinin reallaşması və artan investisiya axını regionun ÜDM-də payını sürətlə yüksəldən əsas dayaqlardır. Bu gün Qarabağ və Şərqi Zəngəzur artıq yalnız dirçəliş simvolu deyil - sənaye, enerji və logistikanı birləşdirən iqtisadi ekosistemdir.
Bu tendensiya göstərir ki, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən dayanıqlı istehsal və ixrac məkanlarından birinə çevriləcək.
Bir zamanlar dağıdılmış bu torpaqlar indi ölkənin iqtisadi xəritəsində yüksəlişin ən parlaq xəttini təşkil edir - Bu yüksəliş hələ yeni başlayır.
Mənbə: APA