Dekabrın 3-də Marsol Group-un nümayəndə heyəti və ümumilikdə 45 nəfərdən ibarət partnyor heyəti işgüzar səfər çərçivəsində Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda iştirak edib.
Modern.az xəbər verir ki Forum Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılığı, Azərbaycan və Türkiyənin müvafiq qurumlarının dəstəyi, həmçinin Marsol Group-un tərəfdaşlığı ilə baş tutub.
Tədbirdən əvvəl rəsmi nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda ucaldılmış abidəsini ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Forum Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və bir dəqiqəlik sükutla açıq elan olunub. Tədbirdə ölkəmizi təmsil edən rəsmilər, Türkiyənin Qars, İğdır, Ardahan və digər bölgələrindən olan valilik, bələdiyyə və ticarət palatalarının nümayəndələri, eləcə də Marsol Group-un partnyoru olan iş adamları iştirak ediblər. Forumun açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın vitse-prezidenti, Azərbaycan–Türkiyə Ticarət və Sənaye Palatasının həmsədri Vüqar Abbasov çıxış ediblər. Spikerlər Azərbaycan və Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin və strateji tərəfdaşlığın inkişafından, iki ölkə iş adamları arasında əməkdaşlıq və investisiya imkanlarından danışıblar.
Çıxışlarda logistika, sərhədyanı ticarət, investisiya və KOB-ların dəstəklənməsi istiqamətində həyata keçirilən addımların regional iqtisadi dinamikanı gücləndirdiyi, Naxçıvanın isə bu prosesdə xüsusi rol oynadığı vurğulanıb. Eyni zamanda sənaye, turizm, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Forum çərçivəsində Naxçıvanın biznes və investisiya mühiti barədə təqdimat keçirilib, Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub. Marsol Group forumun iki ölkə arasında işgüzar əlaqələrin genişlənməsinə, yeni tərəfdaşlıqların formalaşmasına və regional biznes mühitinin inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirib.