Bolqarıstan Respublikasının Nikola Vaptsarov adına Hərbi Dəniz Akademiyasının rektoru, donanma admiralı, professor Kalin Kalinov və Azərbaycan Milli Müdafiə Universitetinin Fundamental elmlər kafedrasının müdiri, polkovnik, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Ramil Axundov və universitetin digər əməkdaşı, polkovnik Elnur Məmmədov Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Bu barədə Modern.az-a BMU-dan məlumat verilib.
Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev universitetin fəaliyyət istiqamətləri, xüsusilə mühəndislik, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər innovativ ixtisaslar üzrə tətbiq olunan müasir tədris modeli, rəqəmsal infrastruktur və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatları vurğulayan rektor atılan addımların universitetlərin modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını deyib.
Yaqub Piriyev həmçinin universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsindən danışıb. Vurğulayıb ki, BMU həm Cənubi Koreya, həm də Çin Xalq Respublikasının ali təhsil müəssisələri ilə ikili diplom proqramı çərçivəsində əməkdaşlıq edir. Rektor Asiya ali məktəbləri ilə əldə olunan tərəqqini və gələcək perspektivləri qeyd edərək, Avropa məkanında yerləşən Bolqarıstan ilə də əməkdaşlığın yeni perspektivlər yaradacağına ümidvar olduğunu bildirib.
Nikola Vaptsarov adına Hərbi Dəniz Akademiyasının rektoru Kalin Kalinov öz növbəsində rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris proqramları, həmçinin dəniz mühəndisliyi, aviasiya, hərbi dəniz təhlükəsizliyi sahələrində həyata keçirilən layihələr barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, 1881-ci ildə əsası qoyulan akademiya Bolqarıstanda yaranan ilk texniki ali məktəbdir. Rektor mühəndislik, informasiya təhlükəsizliyi və qabaqcıl texnologiyalar sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı tərəflər birgə tədqiqatların təşkili, tələbə və müəllim mübadiləsi, elmi seminarların keçirilməsi, informasiya texnologiyaları, süni intellekt sahəsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin gələcəkdə ortaq layihə və proqramlarda iştirak perspektivlərinə toxunulub.
Sonda qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olublar.