Əkin yerinin yandırılmasına görə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeni cərimələr müəyyənləşdirilir.
Modern.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir və ya İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Mövcud qanunvericiliyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.