Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) son 30 ildə türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb. Bizim əsas missiyamız türk ölkələrinin elm, ədəbiyyat, mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib.
Modern.az xəbər verir k, bu fikirləri TÜRKSOY-un Baş katibi Sultan Raev səsləndirib.
TÜRKSOY-un ölkəmizlə bağlı mədəni təşəbbüslərindən danışan Baş katib qeyd edib ki, son üç ildə Azərbaycanda bir çox əlamətdar tədbirlər keçirilib. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu mədəni tədbirlərin mühüm bir qolunu kitab təqdimatlarının təşkil etdiyini vurğulayan Baş katib bildirib ki, məhz dekabrın 3-də Ankarada belə təqdimatlardan biri baş tutub. Ankarada ictimaiyyətə təqdim olunan, professor Elman Quliyevin müəllifi olduğu dərs vəsaiti bu istiqamətdə birgə işlərimizdəndir. Azərbaycanda geniş fəaliyyət diapazonu ilə nüfuz qazanmış Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında işıq üzü görən, Azərbaycan, Türkiyə, qazax, özbək, türkmən, qırğız, Krım və Volqa tatarlarının ədəbiyyatını özündə ehtiva edən "Türk xalqları ədəbiyyatı" kitabının təqdimatı qardaş ölkədə ədəbi-elmi ictimaiyyətin rəğbətinə səbəb olub.
Baş katib vurğulayıb ki, vəsaitin işıq üzü görməsinin təşəbbüskarı, Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevin qələmə aldığı "Böyük türk ideallarına xidmət edən kitab" sərlövhəli “Ön söz”də qeyd olunur ki, "Türk xalqları ədəbiyyatı" kitabının digər türk dövlətlərinin universitetlərində də dəyərli tədris mənbəyi kimi istifadə olunması sevindirici haldır.
Sultan Rayev diqqətə çatdırıb ki, Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi kollektivin intellektual, yaradıcı və məsuliyyətli işbirliyi birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır.
"TÜRKSOY bütün Türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla bütün Türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır" - deyə Sultan Raev fikirlərini yekunlaşdırıb.