Bu sual heç vaxt gündəmdən düşməyən, insanın yaddaşı ilə davranışını, keçmişilə bu gününü qarşılaşdıran mövzudur. Və aktuallığını hər vaxt saxlayır. Nəsillər arasında səsiz mübarizə həmişə olub. Bunun təqsirini kiminsə üzərinə atmaq isə problemi həll etmir.
Dəyişimin günahkarı texnologiyadır, yoxsa texnologiyanı yaradan və ondan istifadə edən elə insanın özüdür?, sual hələ də açıqdır.
İndi orta və yuxarı yaşlılar düşünür ki, əvvəllər insanlar tamamilə başqa idi. Səs tonu şəxsiyyətin vizit kartı kimi qəbul olunurdu. Baxışlar danışırdı, bir baxış yüz cümlənin mənasını daşıya bilirdi.
Söz məsuliyyət idi, söz deyəndə onun yükünü də götürürdülər. Bir söz eşidəndə rahatlıq tapırdın. Söz insanın kimliyini təsdiqləyən möhür idi.
Zövqlər cəmiyyətin diktəsi ilə yaranmırdı, insanın daxili dünyasından doğurdu. Geyim adi parça kimi qəbul edilmirdi, fikir və xarakter ifadəsi idi. Birini papağından, birini şlyapasından, birini ayaqqabısından tanıyırdın.
Xarakter “ayrı olmaq” kimi deyil, “öz olmaq” kimi dəyərli idi. O dövrdə söz dəyər idi, qayda vardı, utanc insanın özünə qoyduğu sərhəd idi. Kiminə sirr verəcəyini bilirdin, etibar ən güclü kapital idi.
Sosial şəbəkələr yox idi, amma insanlar sosial idi.
Bu gün isə tam əks mənzərə ilə qarşı-qarşıyayıq. Texnologiya var, münasibət yoxdur, mesaj var, hiss yoxdur, söhbət var, qulaq yoxdur. Dost siyahısını bir dəftər tutmur, amma yan-yana oturanda 10 dəqiqəlik dialoq belə çətinlik yaradır.
“Dünya dəyişdi” demək rahatdır, reallıq başqadır, dünya olduğu yerdədir; dəyişən insanın özüdür. Düzü görən göz, doğru söz, eşidən qulaq, düşünən beyin azalıb.
Şəhərə çıxırsan, insanların hamısı eyni qəlibdə hazırlanmış kimi görünür. Eyni dodaq, eyni burun, eyni bədən forması, eyni danışıq tərzi, eyni zarafat, eyni zövq. İndi insanlar fərqli görünmək istəyirlər, bu istək eyniliyə çevrilir. İnsan özünü tapmaq üçün vaxt ayırmır, özündən qaçır.
Göz yaşı apteklərdə satılır, həqiqi göz yaşını görmək çətindir. Sevgi “göndər” düyməsi kimi bir toxunuşla yaranır, bir toxunuşla silinir.
İndiki insanlar düşünmək üçün dayanmaqdan qorxur. Axı sükutda həqiqət var, həqiqət isə insanı narahat edir.
Bəlkə bu fikirlər “köhnə düşüncə” kimi səslənir. Amma o köhnə düşüncənin dayandığı yer sabit idi. İndikilərin ayağının altı sürüşkəndir.
Əvvəlki adamlar bir başqa idi. Belə baxırsan, biz görüntüdə modernik, amma mahiyyətdə mənəvi olaraq köhnəlib çürüyürük. Dəyişmişik, amma bu, inkişaf deyil.
Masada bir sual var, əvvəlki adamlar yaxşı idi, yoxsa indiki insanlar?
Sən hansısan?..
Sevinc MƏHƏRRƏMOVA