Modern.az

AMEA-nın arxivində NADİR TAPINTI

AMEA-nın arxivində NADİR TAPINTI

Aktual

8 Dekabr 2025, 12:30

Ən vacib vəzifələrdən biri dil siyasətinə yeni elmi yanaşmaların, standartların və texnologiyaların tətbiqidir. Bu, bizim əsas prioritetlərimizdən olmalıdır.

Cənab Prezidentin türk dili ilə bağlı fikirləri də çox önəmlidir. Türk dili bizim ortaq ailəmizin dilidir və biz əcnəbi dillərdən söz almaqdansa, türk dilləri bazasından istifadə etməliyik.

Bu baxımdan, terminologiyanın yeni standartlarını yaratmaq bizim borcumuzdur. Bu məsələdə məsuliyyəti ilk növbədə dilçilər, nazirliklər və elmi institutlar üzərinə götürməlidir. Bu, sadəcə “lazımdır” deməklə bitmir, bu işlər görülməlidir.

Modern.az-ın məlumatına görə, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda AMEA-nın Dilçilik İnstitutunun rəhbəri Nadir Məmmədli deyib.

O qeyd edib ki, dünya miqyasında uğurlu tərcümə sistemləri mövcuddur. Azərbaycanda da süni intellekt əsaslı tərcümə alqoritmlərinin hazırlanması vacibdir.

Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin hesabatları nəzərə alınmalı və dil strategiyasına daxil edilməlidir. Bu institutların fəaliyyəti elm və texnologiyanın dilə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.

“Qürurla qeyd edə bilərik ki, Azərbaycan folklorşünaslığında mühüm hadisə baş verib Milli Elmlər Akademiyasının arxivində “Divanü Lüğat-it-Türk” əsərinin əlyazması və tərcüməsi aşkarlanıb. Bu, dünyada ilk dəfə ərəb qrafikasından Azərbaycan dilinə birbaşa tərcümədir və böyük elmi hadisədir”.

N. Məmmədli qeyd edib ki, artıq Azərbaycan dilinin rəqəmsal texnologiyalar üzrə ilk cildini hazırlamışıq. Süni intellekt və kompüter dilçiliyi əsasında ilk dəfə korpus dilçiliyi tətbiq olunub. Bu sadəcə elmi hadisə deyil, həm də dilin gələcəyi üçün yeni bir mərhələdir.

Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan dünya inteqrasiyasından kənarda qalmamalıdır, lakin bu, o demək deyil ki, istənilən sözü tərcüməsiz qəbul etməliyik. Əgər həmin sözün dilimizdə qarşılığı yoxdursa o zaman alınmalı, əks halda dilimizin zəngin leksik ehtiyatı nəzərə alınmalıdır. Bu prosesi tənzimləmək üçün iki əsas yol görürük: Azərbaycan dərsliklərinin yeni çağırışlara uyğun şəkildə yazılması; Rəsmi və publisistik üslubun dildaxili təsir imkanlarının elmi şəkildə araşdırılması”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla ABŞ birləşib Avropanı dağıdacaq - Bu ölkədən ŞOK XƏBƏRDARLIQ