Azərbaycan dilinin izahlı lüğət son dəfə 2006-cı ildə nəşr olunub, bu isə ötən əsrin altmışıncı illərində buraxılan lüğətə əsaslanıb.
Modern.az-ın məlumatına görə, bunu depuatat Cavanşir Feyziyev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.
O qeyd edib ki, əgər dilin inkişaf perspektivlərindən danışılırsa, bu mənada, izahlı lüğətin üzərində işləmək üçün xüsusi bir qurum yaradılmalıdır.
Deputat Azərbaycandakı tərcümə sahəsindəki boşluqlara da toxunub.
“Azərbaycan dilində tərcümə sahəsi də bərbad vəziyyətdədir. Dilin inkişafı üçün tərcümə işinin keyfiyyəti mütləq rola sahibdir. Hesab edirəm ki, Azərbaycanda tərcümə işinin inkişafına da ehtiyac var”.
Cavanşir Feyziyev həmçinin “dövlət dili” ifadəsinin düzgün ifadə olmadığını deyil.
“Dövlət dili ifadəsini o zaman işlətmək olar ki, dilin hansı dil olması şübhə doğursun. Bütün müstəqil dövlətlərdə dil rəsmi dil adlanır, bu mənada, dövlət dili ifadəsini doğru hesab etmirəm”.